Bu ölkədə ard-arda dörd zəlzələ baş verdi - VİDEO
Yaponiyada ardıcıl zəlzələlər qeydə alınıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 6,4 bal gücündə zəlzələdən sonra üç afterşok baş verib.
Məlumata görə, əsas zəlzələ Şimane prefekturasında yerli vaxtla saat 10:00-da, 11 kilometr dərinlikdə qeydə alınıb. Ardınca baş verən afterşoklar isə Şimane prefekturasının şərqində və Tottori prefekturasının qərbində təxminən 5 bal gücündə olub.
Yayımlanan görüntülərdən zəlzələnin genişmiqyaslı dağıntılara səbəb olmadığı görünür. Belə ki, bəzi obyektlərdə lövhələr və çilçıraqlar silkələnsə də, əşyaların rəflərdən düşməsi halları qeydə alınmayıb. Bununla yanaşı, bir sıra ərazilərdə su təchizatında müvəqqəti fasilələr yaranıb, yollar və bəzi binaların dam örtükləri zədələnib.
Hadisə nəticəsində ölən olmayıb, lakin bir neçə nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlardan biri tökülən isti yağ səbəbindən yanıq xəsarəti almış qadındır.
Qeyd edək ki, zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.
Gülbəniz Səfərova






