media-inshot_20260421_191731724

İngiltərədə məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə tətbiq olunan məhdudiyyətlər qanunvericilik səviyyəsində sərtləşdirilir.

Patrul.az-ın məlumatına görə, Britaniya hökuməti 2024-cü ildən qüvvədə olan tövsiyə xarakterli qaydaları məcburi hüquqi normalarla əvəz etməyə hazırlaşır.

Əvvəllər məktəb rəhbərliyinin daxili intizam qaydaları əsasında tənzimlənən bu qadağa, hazırda “Uşaqların rifahı və məktəblər haqqında” qanun layihəsinə edilən düzəlişlə rəsmiləşdirilir.

Yeni qaydalara əsasən, qadağa təkcə dərs saatlarını deyil, həmçinin tənəffüs və nahar fasilələrini də əhatə edəcək.

Hüquqi tənzimləmə şagirdlərdən mobil cihazlarını evdə qoymağı və ya məktəb ərazisində xüsusi qorunan dolablarda saxlamağı tələb edir.

Hökumət bu radikal addımın dərs zamanı diqqət dağınıqlığını minimuma endirəcəyini, şagird intizamını yüksəldəcəyini və kibertəqib (online bullying) hallarının qarşısını alacağını proqnozlaşdırır.

Qeyd edək ki, qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulub; xüsusi təhsil ehtiyacı olan şagirdlər və mobil cihazı tibbi zərurət kimi istifadə edənlər üçün məhdudiyyətlər tətbiq olunmayacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər