Bu ölkədə siqaretlər şəxsiyyət vəsiqəsi ilə satılacaq
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Patrul.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsinə əsasən, siqaret alarkən şəxsiyyət vəsiqəsinin (ID) təqdim edilməsi və yaşın yoxlanılması icbari hala gələcək.
Bildirilib ki, bu məsələ siqaret çəkmənin azaldılması məqsədilə gündəmə gətirilib.
Məlumata görə, Türkiyə İndoneziyadan sonra dünyada ən çox siqaret çəkilən ikinci ölkədir və gündəlik istehlak adambaşına 17 siqaretə çatır. Adambaşına düşən səhiyyə xərcləri isə 840 dollara qədər yüksəlir.
Türkiyənin səhiyyə nazirinin müavini Şuayip Birinci bildirib ki, siqaret çəkmənin vurduğu ümumi ziyan 4 milyard türk lirəsi təşkil edir.
Yeni qaydalara görə, tütün məhsullarının alışı yalnız elektron ödəniş vasitələri ilə mümkün olacaq ki, bu da satışların izlənilməsini təmin edəcək.
Siqaretlər marketlərdə açıq vitrinlərdən yığışdırılaraq tam qapalı şkaflarda saxlanılacaq.
Qeyd edək ki, Yaponiyada da siqaret almaq üçün 20 yaş və ya daha yuxarı olduqlarını təsdiq edən sənəd təqdim edilir. Yaponiyadakı kimi Türkiyədə də TASPO sisteminə bənzər şəkildə alıcının yaşını (18+) təsdiqləmək üçün elektron sistem vasitəsilə şəxsiyyət vəsiqəsinin skan edilməsi tələb olunacaq.
Bu tədbirlər Türkiyənin 2040-cı ilə qədər tütün məhsullarının satışını tamamilə qadağan etmək və “tütünsüz nəsil” yaratmaq planının bir hissəsidir.
Gülbəniz Səfərova






