Bu ölkənin sabiq dövlət başçısı "qaçaq" elan edildi: Göründüyü yerdə həbs olunacaq! - FOTOSU
Boliviyanın keçmiş prezidenti Evo Morales barəsində Tarija şəhər məhkəməsinin qərarı ilə yenidən həbs qərarı (orderi) verilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı insan alveri və yetkinlik yaşına çatmayan şəxsin cinsi istismarında ittiham olunur.
Məhkəmə iclasına qatılmayan E.Morales rəsmən “qaçaq” elan edilib. Qərara əsasən, hüquq-mühafizə orqanlarına keçmiş lideri aşkarlandığı an həbs etmək səlahiyyəti verilib. Eyni zamanda, sabiq prezidentin ölkədən çıxışına qadağa qoyulub, bank hesabları dondurulub və əmlakı üzərinə həbs qoyulub.
Moralesin vəkilləri isə hüquqi prosedur qaydalarının pozulduğunu əsas gətirərək, məhkəmə prosesinin qanunsuz aparıldığını iddia edirlər.
Məlumat üçün bildirək ki, 2006-2019-cu illərdə Boliviya prezidenti olmuş və hazırda da ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri hesab edilən E.Morales barəsində ilk analoji ittiham 2024-cü ilin dekabrında irəli sürülmüşdü. Sabiq lider ittihamları rədd edərək, baş verənləri mövcud hakimiyyətin ona qarşı apardığı “siyasi təqib” kampaniyası adlandırır.
Hazırda Moralesin ölkənin mərkəzində yerləşən və onun siyasi qalası hesab olunan Çapare (Chapare) tropik bölgəsində gizləndiyi bildirilir. O, burada silahlı koka istehsalçıları və yerli tərəfdarlarından ibarət mühafizə dəstələri tərəfindən qorunur ki, bu da rəsmi polisin əməliyyat keçirməsini çətinləşdirir.
Sabiq prezidentin tərəfdarları onun həbs olunacağı təqdirdə ölkə miqyasında kütləvi üsyan və etiraz aksiyalarına başlayacaqları barədə xəbərdarlıq ediblər.

Gülbəniz Səfərova






