"Bu sadə qaydaya əməl etməyən piyada özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər" - DİN-dən piyadalara ÇAĞIRIŞ
“Son günlərdə baş verən piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir”.
Patrul.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, piyadaların yolu istənilən yerdən keçməsi, yolu keçərkən qulaqlıqdan istifadə etməsi və diqqəti yayındıran davranışlara aludə olması baş verən faciələrin əsas səbəblərindən biridir.
Qurum vurğulayıb ki, hər bir hərəkət iştirakçısı yolun birgə istifadə məkanı olduğunu anlamalı və qaydalara əməl etməlidir:
“Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər”.
Açıqlamada qeyd olunub ki, piyadaların ən vacib vəzifəsi yolu yalnız müəyyən edilmiş keçidlərdən və diqqətli şəkildə keçməkdir:
“Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər”, – deyə əlavə edilib.






