“Bu səfər iki ölkə arasında münasibətlərin inkişafından xəbər verir”- ŞƏRH
“Dünən Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərini etdi. Bu, eyni zamanda Gürcüstan Prezidentinin ilk xarici səfəri idi. Kavelaşvilinin Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycana səfər etməsi bu iki ölkə arasında olan münasibətlərin inkişafından xəbər verir”.
Bu sözləri Patrulaz.az-a açıqlaması zamanı politoloq Elşad Həsənov deyib.
O bildirib ki, Gürcüstan Prezidenti Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi məsələlərinə toxunub:
“Eyni zamanda, Mixeil Kavelaşvili Azərbaycana Gürcüstana verdiyi dəstəkdən ötrü öz təşəkkürlərini bildirib. Ötən oktyabr ayında Gürcüstanda keçirilən parlament seçkiləri zamanı digər Avropa ölkələri və ABŞ-nin USAİD təşkilatı müxalif qüvvələri maliyyələşdirərək inqilab etmələrini, hakimiyyəti dəyişmək istəyirdilər. Ancaq gürcü xalqı və Gürcüstanda yaşayan azərbaycanlıların dəstəyi ilə “Gürcü Arzusu” partiyası qələbə çaldı. Çünki həmin partiya Gürcüstanın yenidən Avropa ölkələrinin təsiri altına düşərək Rusiyaya ikinci cəbhənin açılmasına heç cür razılıq vermədi. Çünki Gürcüstan o qədər də böyük bir ölkə deyil və əgər müharibə olarsa, darmadağın olardı”.
Politoloq əlavə edib ki, qardaş ölkə olaraq Azərbaycan Gürcüstanda vəziyyətin sabit olmasını istəyir:
“Çünki bu, Cənubi Qafqazda da əmin-amanlığın olmasına gətirib çıxarır. Eyni zamanda, Gürcüstan Ermənistanla da strateji tərəfdaşdır. Gürcüstan dövləti də regionda sülhün tərəfdarı olduğu üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin həll olunmasına öz töhfəsini vermək istəyir”.
Ləman Sərraf