İDDİA! Bu səhifədən dərman aldı - 10 kq kökəlmək əvəzinə kilo yarım arıqladı - VİDEO
Bakı şəhər sakini Vüsal Rüstəmov “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən “dogalbax.aze” səhifəsindən kökəlmək məqsədilə dərman alıb.
Patrul.az-ın məlumatına görə, dərmanı alarkən ona bildirilib ki, 1 ay ərzində 8-10 kiloqram çəki artımı əldə edə biləcək. Məhsulu satan nümayəndə kapsulu səhifəyə müraciət edən Vüsal Rüstəmova 70 manat əvəzinə endirim tətbiq edərək 58 manata satıb.
Lakin 1 ay ərzində vətəndaş gözlədiyi nəticəni əldə etməyib – əksinə, kilo yarım arıqlayıb. Vüsal Rüstəmov yenidən “dogalbax.aze” səhifəsinə müraciət edərək vəziyyəti bildirdikdə ona növbəti qutunu almaq tövsiyə olunub. O isə bu təkliflə razılaşmadığını bildirib.
Patrul.az olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün adı çəkilən səhifədə qeyd olunan mobil nömrə ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimiz üçün adı çəkilən səhifədə satılan məhsullar barədə konkret fikir bildirmək mümkün olmadı.
Ümumilikdə, son vaxtlar buna bənzər sosial media səhifələrinin sayı xeyli artıb. Bu tip səhifələrdə istehsal yeri, tərkibi, mənbəyi və mənşəyi bilinməyən müxtəlif çaylar, kofelər, dərmanlar və kapsullar satışa çıxarılır. Gizli yollarla ölkəyə gətirilərək satılan bu cür məhsulların insan sağlamlığı üçün zərəri isə olduqca ciddi ola bilər.
Təəssüf ki, bu barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, bəzi insanlar sosial şəbəkələrdə yayılan reklam çarxlarına inanaraq bu cür məhsulları almağa və istifadə etməyə davam edirlər.
Aynur Nadirqızı






