2000 il sonra ortaya çıxan romalı rəssamın divar rəsmləri görənləri təəccübləndirdi
Arxeoloqlar Londonda 2000 illik lüks villanın fresklərini gün üzünə çıxarıblar.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, arxeoloqlar bu möhtəşəm freskləri üzə çıxarmaq üçün 2000 illik divar suvalarından ibarət minlərlə parça toplayıblar. Bu hissəciklər 2021-ci ildə London mərkəzində yenidən qurulan bir tikinti sahəsində tapılıb. Lakin bu nəhəng “pazlın” birləşdirilməsi bu günə qədər çəkib.
Fresklər ən azı 20 fərqli divarı bəzəyən detallarla zəngindir. Musiqi alətləri, quşlar, çiçəklər və meyvələr kimi incəliklə çəkilmiş səhnələr xüsusilə diqqət çəkir.
Bu incəsənət əsərləri ərazinin var-dövləti haqqında da yeni ipucları təqdim edir. Arxeoloqlar bu ərazini “Roma dövrü Londonunun Beverly Hills-i” kimi təsvir edir.
Rəssamların şəxsiyyətinə dair bəzi ipucları da var: Tapılmış hissələrdən birində latınca “Fecit”, yəni “bunu etdi” ifadəsi yazılıb. Lakin imzanın olduğu hissə hələlik tapılmayıb.
London Arxeologiya Muzeyi (MOLA) komandasının üzvləri bu həyati əhəmiyyətli parça tapılana qədər hissələri skan etməyə davam edirlər. MOLA-da çalışan Han Li: “Bu, Roma Londonunda indiyə qədər tapılmış ən böyük divar suvası və rəsmlər toplusudur”, – deyə bildirir.
Ən böyük freskin ölçüsü təxminən 5 metrə 3 metrdir. Alt hissə solğun çəhrayı rəngdədir və mərmər effekti yaratmaq üçün üzərinə boya hissəcikləri səpələnib. Üst hissəsi isə yumşaq yaşıl haşiyələrlə əhatə olunmuş parlaq sarı panellərdən ibarətdir.
Divar rəsmləri şamdanlar, lira aləti, ağ durnalar və zərif papatya çiçəkləri ilə bəzədilib.
Rəsm əsərlərində üzüm salxımına bənzər bir bitki də görünür. Lakin arxeobotaniklərin fikrincə, bu əslində bu bölgəyə xas olan bir bitki ökseotudur.
Arxeoloqların fikrincə, bu möhtəşəm tikili ya varlı bir ailəyə məxsus ev, ya da Roma Londonundan keçən zəngin səyyahlar üçün otel ola bilər.
Ləman Sərraf






