Bu üç çay Azərbaycan üçün çox əhəmiyyətlidir - MARAQLI
Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Xüsusilə də paytaxt Bakı deyiləndə ilk olaraq neft yada düşsə də, ölkənin su ehtiyatları və təbii çay sistemi də böyük strateji və ekoloji əhəmiyyətə malikdir. Ölkə ərazisinin təxminən 14 %-i yaşıllıq və meşə örtüyü ilə əhatə olunub. Bu yaşıllıqların, əkin sahələrinin və kənd təsərrüfatının su ilə təmin olunmasında isə çaylar mühüm rol oynayır. Ümumilikdə, Azərbaycanın su ehtiyatlarının 90%-ə qədəri çaylar vasitəsilə təmin olunur, onların 30-35%-i isə birbaşa ölkə ərazisindən axan çaylara aiddir.
Ölkədə müxtəlif bölgələrdən keçən və kənd təsərrüfatında aktiv istifadə olunan Kür, Araz, Qanıx, Tərtər, Samur, Vəlvələçay kimi mühüm çaylar mövcuddur. Xüsusilə Aran bölgəsində bu çaylar əkin sahələri və meyvə bağlarının suvarılmasında həyati rol oynayır.
Patrulaz.az-məlumatına əsasən bu çaylar içərisində Kür, Araz və Qanıx (Alazan) Azərbaycanda ən böyük və ən əhəmiyyətli 3 çay sayılır.
Kür çayı

Cənubi Qafqazın və Azərbaycanın ən uzun və ən böyük çayı olan Kür çayı 1515 km uzunluğa malikdir. Türkiyənin Ardahan bölgəsindən başlayaraq Gürcüstanı keçib Azərbaycana daxil olur və Xəzər dənizinə tökülür.
Kür çayı Mingəçevir, Yevlax, Şirvan, Salyan kimi şəhərlərin içindən keçir. Suvarma, balıqçılıq, içməli su və enerji təminatı baxımından mühüm rol oynayır. Mingəçevir Su Anbarı və Su Elektrik Stansiyası da məhz bu çay üzərində yerləşir.
Araz çayı
Araz çayı həm tarixi, həm də siyasi baxımdan Azərbaycanın ən mühüm çaylarından biridir. Uzunluğu təxminən 1072 km olan çay Türkiyənin Bingöl dağlarından başlayır, Ermənistan və İranla sərhəd boyunca axaraq Kür çayına birləşir. 1828-ci il Türkmənçay müqaviləsi ilə Araz çayı Azərbaycanla İran arasında sərhəd xətti kimi təsbit olunub. Bu çay da suvarma, kənd təsərrüfatı və regionların inkişafında mühüm əhəmiyyət daşıyır. Xüsusilə Cəbrayıl, Zəngilan kimi azad edilmiş bölgələrdən keçən hissələri gələcəkdə turizm və ekoloji layihələr üçün böyük potensial vəd edir. Bu çayın üstündə tarix yəni, Xudafərin körpüsü var. Xudafərin körpüsü Azərbaycan və İran arasında, Araz çayı üzərində yerləşən və əsrlərin sınağından çıxmış tarixi bir abidədir. Bu körpü yalnız iki sahili deyil, eyni zamanda iki xalqı və bir çox tarixi dövrü birləşdirən nadir memarlıq nümunələrindən biridir.
Qanıx çayı
Qanıx çayı, həm də “Alazan” adı ilə tanınır və Azərbaycanın şimal-qərb bölgəsində yerləşir. Gürcüstanın Alazan vadisindən başlayaraq Zaqatala və Balakən rayonlarından keçir və Kür çayına tökülür.
Bu çay bölgənin əsas su mənbəyidir və ətraf ərazilərin təbiət gözəlliyini daha da zənginləşdirir. Dağ kəndləri, meşəlik ərazilər, ekoturizm və yay istirahətləri üçün ideal şərait yaradır. Eyni zamanda kənd təsərrüfatı və içməli su təminatı baxımından da olduqca əhəmiyyətlidir.
Azərbaycanın su təhlükəsizliyi və ekoloji tarazlığı üçün Kür, Araz və Qanıx çayları xüsusi önəm daşıyır. Bu çaylar təkcə təbii sərvət deyil, həm də ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm yer tutur.
Gülbəniz Səfərova






