media-img_1019

“Zaman keçdikcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinin ucalığını, dövlətimiz üçün müəyyən etdiyi siyasi kursun və inkişaf yolunun əzəmətini daha yaxından və dərindən anlayırıq. Nüfuzlu dünya siyasətçiləri də Heydər Əliyevin ən çətin şəraitdə Azərbaycana rəhbərlik etməsini, yenicə müstəqilliyini bərpa etmiş ölkənin azadlıq və siyasi – iqtisadi inkişaf yolu ilə aparmasını xüsusi nümunə kimi qiymətləndirirlər. Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə apardığını bildirirdilər.
Heydər Əliyev kimi dahilər öz əməlləri ilə mənsub olduqları xalqın, dövlətin tarixini yaradır, onun inkişaf salnaməsinin müəllifinə çevrilirlər. Tarixə nəzər saldıqda görürük ki, dövlətimizin çətin vaxtlarında Heydər Əliyev bir lider kimi üzərinə düşən bütün vəzifələri layiqincə, qətiyyətlə yerinə yetirib, Azərbaycanı tənəzzüldən inkişafa, sabitliyə aparıb”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında 10 May – Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə dahi liderin keçmiş fəaliyyəti, ölkəmizə qazandırdığı töhfələr barədə fikirlərini bildirən millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb:

“Bu baxımdan istər sovet, istər müstəqillik illərində Heydər Əliyevin müəllifliyi ilə qazanılan hər bir uğur tariximizin qürur doğuran səhifələridir. Azərbaycan xalqı Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır. Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirilib.
Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. Beş il əvvəl Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər müəyyən etmişdi. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

media-5b64bf21-10f4-4611-a967-4a1afca17efb
Deputat qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadi sferada sürətli yüksəliş yoluna qədəm qoydu, beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi:

“Azərbaycanın yüksəlişi isə nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını uğurla təmin etdi. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz müharibə yolu ilə Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Yəni, Azərbaycan beynəlxalq hüququ özü öz gücü hesabına təmin etdi. Bu, həm də Ulu Öndərin vaxtı ilə əsasını qoyduğu ordu quruculuğu siyasətinin nəticəsi idi.
Azad Qarabağ “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” –deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı bəyan etmişdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Prezident İlham Əliyev isə Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxarıb. Bugünkü azad, suveren, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümumilli lider hər zaman deyirdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Həmin etibarlı əllər bugünkü inkişaf edən, qalib Azərbaycanı beynəlxalq münasibətlər sistemində əsas aktora çevirib”.

Ləman Sərraf


Bənzər xəbərlər