"Bunlar sizdə də var?" - İnsanların ən böyük QORXULARI
Dünyada milyardlarla insan yaşayır. Onların hər biri müxtəlif arzuların, xəyalların arxasınca gedir, həyatını qurmaq və istəklərini reallaşdırmaq üçün çalışırlar. Hər kəsin həyatında sevincli anlar da olur, acı xatirələr də. Kimisi uğur qazanaraq özünü güclü və qorxmaz hiss edir, kimisi isə çətin həyat tərzinin içində möhkəmlənir, cəsarətli olur. Amma insan güclü görünməyə çalışsa da, onun daxilində etiraf olunmayan, gizlədilən qorxular var. Bu qorxular hətta, gündəlik həyatımızı idarə edən görünməz gücə çevrilir. Qorxu təbii bir hissdir və çox zaman uşaqlıq xatirələri, yaşanan travmalar və ya cəmiyyətin təzyiqləri ilə formalaşır.
Patrulaz.az insanların ən çox qarşılaşdığı və həyatına təsir edən əsas qorxuları təqdim edir:
Ölüm qorxusu
İnsanların ən aparıcı qorxusu ölümdür. İnsan yalnız öz ölümündən deyil, sevdiklərini itirməkdən də qorxur. Mütəxəssislərə görə, bu qorxu insanın həyata olan bağlılığını göstərir. Hər kəs bilir ki, bir gün dünyadan köçəcək. Amma əsas məsələ, bunun vaxtından əvvəl baş verməməsidir. İnsan ölməzdən əvvəl heç olmasa arzularının bir qismini həyata keçirmək, həyatın ləzzətini dadmaq istəyir. Əslində, ölüm qorxusu yaşamağı sevən insanların qorxusudur.
Tənha qalmaq qorxusu
Bəzi insanlar üçün tənhalıq ölümdən də ağırdır. Ona görə ki, insan sosial varlıqdır. Sevgi, diqqət və paylaşım görmədikdə özünü yararsız, dəyərsiz hiss edir. Tənha qalmaq insanın seçimi ola bilər, amma bu, əbədi deyil. Elələri var ki, depressiyaya düşür, ətrafından uzaqlaşır və nəticədə yalnız öz düşüncələri ilə baş-başa qalır. Əslində, insanın sevdikləri və yaxın çevrəsi nə qədər çoxdursa, onun tək qalmaq qorxusu da bir o qədər güclü olur. Boşuna deyil ki, deyiblər: “Tək qalmaq Allaha məxsusdur”.
Maddi çətinlik qorxusu
Pul hər şeyi həll etməsə də, insanların ən böyük narahatlıqlarından biri maliyyə çatışmazlığıdır. Borca düşmək, işsiz qalmaq, ailəsinin ehtiyaclarını təmin edə bilməmək – bunlar xüsusilə bizim cəmiyyətimizdə geniş yayılıb. Pulsuzluq insanı sadəcə rahatlıqdan məhrum etmir, həm də psixoloji baxımdan çökdürür.
Xəstəlik qorxusu
Xəstəlik insanın ən həssas nöqtəsidir. Xüsusilə, pandemiyadan sonra sağlamlıqla bağlı qorxular daha da artıb. İnsult, xərçəng və digər ağır xəstəliklər haqqında eşidilən xəbərlər dərhal insanlarda “ya mənim başıma gələrsə?” narahatlığı yaradır. Bəzi insanlar isə həkimə getməkdən qorxduqları üçün vəziyyətlərini daha da ağırlaşdırırlar. Ən maraqlısı odur ki, xəstələnməkdən həddindən artıq qorxmaq özü də insanı xəstəliyə sala bilir. Halbuki, sağlam qalmağın yolu qorxuya qapılmaq deyil, ümidli olmaq və mübarizə aparmaqdır.
Sosial rədd edilmə qorxusu
Müasir dövrün yeni qorxularından biri də sosial mediada qəbul edilməməkdir. Paylaşımlarına “bəyənmə” gəlməyən gənclər özlərini dəyərsiz hiss edir, bu isə psixoloji gərginliyin yaranmasına səbəb olur. Virtual dünyada fenomen olmaq asan ola bilər, amma bir anın içində bütün hörməti itirmək də mümkündür. Sosial media dərin bir quyudur, kimisi ordan fayda götürür, kimisi isə içində itib-batır.
Uşaqlıqdan qalma fobiyalar
Qaranlıq, hündürlük, ilan və həşəratlardan qorxmaq uşaqlıqdan gələn ən yayğın fobiyalardandır. Hətta, liftdə qalmaqdan tutmuş təyyarəyə minməyə qədər saysız qorxular mövcuddur. Onların kökü çox vaxt uşaqlıqda yaşanan travmalara gedib çıxır və insan böyüdükcə həyatının bir parçasına çevrilir.
İnsanların qorxuları fərqli görünsə də, onların hamısının kökündə bir ortaq məqam dayanır: Həyatı və xoşbəxtliyi itirmək qorxusu… Psixoloqlar deyirlər ki, qorxularla mübarizə aparmağın ən yaxşı yolu onlardan qaçmaq deyil, əksinə, onları qəbul edib üzərinə getməkdir. Qorxu insanı zəiflədə bilər, amma doğru yanaşıldıqda insanı daha da gücləndirər. Əsas olan qorxuları həyatın idarəçisi yox, həyatın müəllimi kimi görməkdir.
Gülbəniz Səfərova






