"Bütün bu uğurların təməlində Ulu Öndərin müəyyən etdiyi siyasi kurs və milli inkişaf strategiyası dayanır" - Könül Nurullayeva
10 May – Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. 1923-cü il mayın 10-da Naxçıvanda anadan olan Heydər Əliyev, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın tərəqqisi və müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş, adını tarixə qızıl hərflərlə yazdırmışdır.
Patrul.az Ulu Öndər Heydər Əliyevin xalqımıza verdiyi töhfə, əvəzolunmaz fəaliyyəti və uğurlu siyasəti barədə daha dərindən fikirlərini öyrənmək üçün Milli Məclisin deputatı Könül Nurullayevaya müraciət edib.
Deputat xatırladıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və tənəzzül təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyin əsaslarını möhkəmləndirdi:
“Həmin dövr ölkəmiz üçün olduqca mürəkkəb və taleyüklü mərhələ idi. Daxili siyasi çəkişmələr, iqtisadi böhran və xarici təzyiqlər Azərbaycanı ağır vəziyyətə salmışdı. Məhz belə bir vaxtda xalqın etimadını qazanan Heydər Əliyev dövlət idarəçiliyindəki zəngin təcrübəsi və qətiyyətli siyasəti ilə ölkəni sabitlik və inkişaf yoluna çıxardı.
Ulu Öndər Azərbaycanın gələcəyini hüquqi, demokratik və müasir dövlət quruculuğunda görürdü. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafın təməli qoyuldu və beynəlxalq əlaqələr genişləndirildi. Azərbaycan qısa müddətdə dünya birliyində etibarlı tərəfdaş kimi tanınmağa başladı. Heydər Əliyevin uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırdı, aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlər yeni mərhələyə qədəm qoydu”.
Ümummilli Liderin hər zaman Azərbaycanın müstəqilliyini hər şeydən üstün tutduğunu vurğulayan K.Nurullayeva əlavə edib:
“Onun “Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam” fikri dövlətçilik ideologiyasının əsas prinsiplərindən birinə çevrilib. Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə xidmətə həsr etmiş, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdir.
Bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkəmiz həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük nailiyyətlər qazanıb. Azərbaycanın beynəlxalq arenada müstəqil mövqeyi daha da möhkəmlənib, milli maraqlar qətiyyətlə qorunub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Qələbə Heydər Əliyev ideyalarının və dövlətçilik strategiyasının təntənəsi kimi tarixə yazıldı. Güclü iqtisadiyyatın, müasir ordunun və milli birliyin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunması isə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin qüdrətini və xalqımızın iradəsini bütün dünyaya göstərir”.
Millət vəkili qeyd edib ki, müstəqil Azərbaycan artıq regional lider olmaqla yanaşı, qlobal geosiyasi proseslərdə söz sahibi olan güclü dövlətə çevrilib:
“Bütün bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və milli inkişaf strategiyası dayanır. Azərbaycan xalqı bu yolu inamla davam etdirərək daha böyük nailiyyətlərə doğru irəliləyir”.
Ləman Sərraf






