"Bütün bunlar Rusiyanın şovinist və faşist ideologiyası ilə qidalandığını göstərir" - ŞƏRH
“Son dövrlər Rusiya siyasi və dövlət dairələrindən, mediada ölkəmizə qarşı hücumların sayı artıb. Azərbaycanın Rusiya ilə münasibətlərini korlamaq istəyən qüvvələr Moskvada fəallaşaraq ölkəmizə qarşı hücumlara keçirlər. Əslində 2020-ci il Vətən müharibəsində Azərbaycanın Qarabağda əldə etdiyi qələbə, həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, Rusiyanın isə Ukraynada istədiklərini əldə edə bilməməsi, hərbi uğursuzluqlar bu ölkənin siyasi və ictimai dairələrində ciddi qıcıq yaratmışdır”.
Bu sözləri siyasi şərhçi Vüqar Əhmədov Patrulaz.az-a açıqlamasında qeyd edib.
O söyləyib ki, əvvəl bunu açıq büruzə verməsələr də, sonrakı dövrlərdə biz Rusiya mediasında Azərbaycana qarşı qərəzli açıqlamaları sezirik:
“Qarabağda Ermənistanın məğlubiyyətini qabardaraq sanki Azərbaycanın qələbəsini həzm edə bilmirlər, bu gün Azərbaycanın ordusu özünü daha peşəkar göstərən, müzəffər bir ordudur. Rusiya ordusundan fərqli olaraq Azərbaycan ordusu nə hərbi əməliyyatlar zamanı, nə də dinc dövrdə sivilləri heç zaman hədəf almayıb. Rusiya isə istəyir ki, yaxşı nə varsa öz adına, uğursuzluqları digər ölkələrin adına yazsın. Rusiya etiraf edə bilmir, ikinci dünya müharibəsində malik olduğu orduya və hərbi gücə indi malik deyildir. Hələ ki, Azərbaycanla müharibə sivil müstəvidə və media üzərindən aparılır, Azərbaycanın mülki təyyarəsi Rusiya səması üzərindən vurulur, heç bir günahı olmayan vətəndaşlarımız faciəli şəkildə həyatını itirir, Rusiya tərəfi məsuliyyəti öz üzərinə götürmək istəmir. Rusiyada illərlə məskən salmış həmvətənlərimizə qarşı hücumlar həyata keçirilir, əlbəttə bütün bunlar qəbuledilməzdir”.
Vüqar Əhmədovun sözlərinə görə, hazırkı aqressiya ilə Rusiyanın əlində imkan olsa, bəlkə qonşu ölkələrə Gürcüstana 2008-ci ildə etdiyi kimi hərbi hücum da təşkil edər:
“Lakin biz Ukrayna-Rusiya müharibəsindən Rusiyanın hərbi gücü ilə bağlı mifin necə yox olduğunun şahidi oluruq. Azərbaycanla müharibə və hərbi qarşıdurmaya gedilməsi ağlasığan deyil, Azərbaycan bu gün güclü dövlətdir, güclü orduya və beynəlxalq mövqelərə malikdir. Lakin uğursuzluqların əvəzini Rusiyada yaşayan sivil insanlardan, həmvətənlərimizdən çıxmaq heç bir halda bəraət ala bilməz və yolverilməzdir. Bu artıq Rusiyanın, rəsmi Kremlin acizliyi, zəifliyini, şovinist və faşist ideologiyası ilə qidalandığını göstərir”.
Ləman Sərraf