media-inshot_20250804_114337909

Azərbaycanda ailə, sadəcə insanların bir yerdə yaşadığı struktur deyil. O həm də sosial statusun, hörmətin, “ad-san”ın daşıyıcısıdır. Bu isə bəzən ailənin daxilindəki gerçəkliyin üzərinə görünməz bir pərdə çəkir. Həmin pərdənin arxasında səs-küy, emosional təzyiqlər, özünüifadə qadağaları, qorxular gizlənir. Amma ön tərəfdə — yəni “camaatın gördüyü yerdə” — hər şey qaydasındadır: ağıllı övladlar, mədəni ana-ata, səliqəli ev, yaxşı ad.

Bu yazılmamış səhnənin adı var: “qonşulara oynamaq”.

Bəs bu nə deməkdir?

Patrulaz.az mövzunun dərinliklərinə baş vurub.

Bu, sadəcə davranış forması deyil, ailənin yaşadığı ikili həyat tərzidir. Övlad isə bu həyatın əsas daşıyıcısına çevrilir. Çünki ailənin özünü necə təqdim etməsində onun rolu çox önəmlidir.

Azərbaycanda uşaq tərbiyəsi ilə bağlı müşahidə olunan əsas trendlərdən biri odur ki, çox sayda valideyn üçün uşağın xoşbəxtliyi, rahatlığı, özünü tapması yox, cəmiyyətə “yaxşı uşaq” kimi görünməsi önəmlidir. Bu da çox vaxt davranış məhdudiyyətləri ilə həyata keçirilir:

– “Ağlama, camaatın içində ayıbdır”

– “Qonaq gələcək, sakit dur”

– “Toyda-şadlıqda gülümsə, sözə qarışma”

– “Bizi biabır etmə”

Bu tip cümlələr uşağın hansı yaşda olduğuna baxmayaraq, onun özünü ifadə formasını məhdudlaşdırır. Valideynin əsas məqsədi cəmiyyət qarşısında “nümunəvi” görünmək olduğundan, uşaq ailə daxilində belə səmimi və sərbəst ola bilmir. Təəssüf ki, ailədaxili münasibətlər çox zaman imic qorumaq üçün formal davranışlarla əvəz olunur.

Bütün bunların arxasında duran sosial mexanizm isə bizim cəmiyyətin dəyişməyən kodlarından biridir – “Camaat nə deyər?”. Bu sual ailə qərarlarının, tərbiyə tərzinin, hətta münasibət formalarının mərkəzində yer alır. Ailə üzvlərinin bir-biri ilə necə davranacağına belə, bəzən çöldə necə görünəcəkləri qərar verir.

Beləliklə, uşaq artıq şəxsiyyət yox, ailənin vizit kartına çevrilir. Onun məktəb uğuru, geyim tərzi, danışıq qabiliyyəti, ictimai davranışları ailənin kollektiv reputasiyasına xidmət edir. Bu isə təbii ki, uşaqda psixoloji gərginlik, özünü daim nəzarətdə hiss etmə sindromu və identitet pozuntularına yol açır.

Sosioloqlar qeyd edirlər ki, fərdiyyətçiliyin zəif inkişaf etdiyi cəmiyyətlərdə ailə çox zaman fərdi seçimləri yox, kollektiv görünüşü əsas tutur. Məsələn, ailə daxilində baş verən münaqişələrin gizlədilməsi, ailə üzvləri arasında hörmətsizlik və ya anlaşılmazlıqların “evin içində qalması” təkcə gizlilik yox, həm də sosial şou məntiqi ilə izah olunur: “Evdə nə baş verir versin, çöldə adımız təmiz qalsın.”

Bu yanaşma təkcə uşaqları yox, böyükləri də ciddi şəkildə təsirə məruz qoyur. Valideynin özü də daxili gərginliklərini, depressiyalarını, narahatlıqlarını inkar edir, çünki “gülən, sağlam, sakit ana-ata obrazı” qorunmalıdır.

Bütün bu davranış tərzi uzunmüddətli baxıldıqda bir cəmiyyətin emosional inkişaf səviyyəsinə mənfi təsir göstərir. İnsanlar öz hislərini ifadə etməkdə çətinlik çəkir, özləri olmaqdan utanır, yanlışlarının və zəifliklərinin qəbul olunmayacağını düşündükləri üçün saxta davranışlara üstünlük verirlər.

Nəticədə, gülərüz görünən, amma emosional baxımdan donmuş bir cəmiyyət formalaşır. Duyğular deyil, görüntülər əsas olur. Daxildə fırtına olsa belə, çöldə sakitlik hökm sürməlidir. Sanki hər ailə bir səhnə, hər uşaq bir aktyordur.

“Qonşulara oynamaq” sindromu ilə mübarizə təkcə ailə içində deyil, həm də təhsil sistemində, media təbliğatında, ictimai şüurda dəyişiklik tələb edir. Ailələrin imic qorumaqdan daha çox emosional sağlamlıq və şəffaf münasibətlərə önəm verməsi, uşaqlara fərd olaraq baxması, onların sosial performanslarını yox, psixoloji rifahlarını önə çəkməsi vacibdir.

Axı uşaq bu ailənin “təqdimat broşurası” deyil. O, hiss edən, böyüyən, axtaran bir insandır.

Ləman Sərraf


Bənzər xəbərlər