Canlı yayımda qadına bıçaqla zərbələr endirən tiktoker həbs edildi
Xəbər verdiyimiz kimi, Türkiyədə canlı yayım zamanı dəhşətli bıçaqlama hadisəsi törədən “Karagül” ləqəbli tiktoker Merve C. barəsində gözlənilən qərar verilib.
Patrul.az xəbər verir ki, dünən küçənin ortasında başqa bir qadına amansızcasına hücum edərək ona ağır xəsarətlər yetirən sosial media fenomeni artıq dəmir barmaqlıqlar arxasındadır.
Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Merve C. bu gün məhkəmə qarşısına çıxarılıb. Hakim faktla bağlı toplanmış sübutları və cinayətin ağırlığını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Məlumata görə, bıçaqlanan qadın dərhal xəstəxanaya çatdırılıb. Onun üz, qulaq və sinə nahiyəsindən aldığı xəsarətlərin ciddi olduğu və müalicəsinin həkim nəzarəti altında davam etdiyi bildirilir.
Xatırladaq ki, bu, Merve C.-nin ilk qalmaqalı deyil. Bundan əvvəl uşaqlarına qarşı zorakılıq iddiaları ilə gündəmə gələn tiktokerin 3 övladı dövlət himayəsinə verilib, sosial media hesablarına isə giriş qadağası qoyulub.






