“Çaya rəng qatılmır, çayın özü elə rəngdir” - AİB sədri
“İllər boyu Azad İstehlakçılar Birliyinə çaya rəng qarışdırılması məsələsi ilə bağlı şikayətlər daxil olurdu. Təbii ki, bu barədə şəxsi şübhələrim də var idi. Bir neçə il öncə konfransla bağlı Şri-Lankaya səfərim oldu. Dünyanın ən böyük çay istehsalçısı olan və məşhur növlərin yetişdiyi Şri-Lankanın çay plantasiyalarında oldum. Mütəxəssislər və bu sahədə çalışan digər əməkdaşlarla söhbətlər həyata keçirdik. Məlum oldu ki, çaya rəng qarışdırılmır, çayın özü elə rəngdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Bundan əlavə, Azərbaycanın cənub bölgələrində yerləşən çay plantasiyalarına da səfər etdim. Aydın oldu ki, çayın keyfiyyəti onun harada əkilməsindən, hansı bucaq altda, dağın hansı tərəfində yetişdirilməsindən və əsasən hansı yarpaqlardan əmələ gəlməsindən asılıdır.
Şri-Lankaya səfərim zamanı oradan ağ çay almışdım. Hansı ki, onu dəmlədikdə çayın içində ağlar görünür. Çayın ən qiymətli hissəsidir və açılmamış yarpaqlardan, uc nöqtələrindən ibarətdir”,- deyə o əlavə edib.

Azad İstehlakçılar Birliyinə gələn suallardan birini də səsləndirən Eyyub Hüseynov davam edib:
“Bəzən istehlakçılardan belə bir sual gəlir ki, necə olur paket çayı soyuq suya salan kimi rəng verir. Bunun da öz səbəbi var. Paket çay çox xırdalanmış vəziyyətdə olur və bu zaman diffuziya hadisəsi çox tez baş verdiyindən suyu sürətlə rəngləndirir. Stəkanın dibində bulanıq suyun qalmasında çayın dəmlənməsinin, onun temperaturunun və suyun codluğunun böyük rolu var”.
Ləman Sərraf






