media-inshot_20260514_152540904

Dünya kinosunun canlı əfsanəsi Ceki Çanın baş rolu canlandırdığı məşhur “Allahın zirehi” (“Armour of God”) franşizasının dördüncü hissəsinin çəkilişləri Qazaxıstan və Azərbaycanda baş tutacaq.

Patrul.az xəbər verir ki, “Allahın zirehi: Ultimatum” adlanan yeni ekran işində Ceki Çan yenidən tamaşaçıların yaxşı tanıdığı “Asiya qartalı” ləqəbli personajı canlandıracaq. Bu dəfə baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı tapmaq üçün qlobal bir kampaniyaya qoşulacaq.

Ekran əsərinin rejissorluğunu Robert Kun reallaşdıracaq. Filmin istehsalını isə “Salem Entertainment” şirkəti həyata keçirir. Layihənin prodüserləri Esmond Rend və İqor Tsay maliyyələşmə prosesinə Astanada qeydiyyatdan keçmiş “Aləm” Fondunu da cəlb ediblər.

72 yaşlı əfsanəvi aktyor franşiza ilə bağlı xüsusi açıqlama verib:

“Bu, mənim Qazaxıstan tərəfdaşları ilə ilk layihəmdir, lakin sonuncusu olmayacaq. Mən əvvəllər heç vaxt bu regionda çəkiliş etməmişəm. Bu məkanlar tamaşaçılara təqdim edə biləcəyimiz tam fərqli vizual və yaradıcı ideyalar üçün yeni qapılar açır”.

Filmin Azərbaycandakı çəkilişləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) rəsmi dəstəyi ilə təşkil olunacaq.

Çəkilişlərin cari ilin iyul ayında başlanması planlaşdırılır. Artıq 2026-cı ilin aprelindən etibarən Qazaxıstanda filmin çəkilişləri üçün xüsusi pavilyonların inşasına və ilkin hazırlıqlara start verilib.

Bildirilib ki, bu layihə Ceki Çanın yaradıcılığında dönüş nöqtəsidir. Belə ki, franşizanın 3-cü hissəsi olan “Chinese Zodiac” (2012) filminin çəkilişləri zamanı aktyor böyük kaskadyorluq tələb edən aksiyon filmləri ilə vidalaşdığını desə də, yeni ssenari onu yenidən kinoya qaytarıb.

Məlumat üçün bildirək ki, Astana Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş “Aləm” Fondunun portfelində 6 böyük qlobal kino layihəsi var və onlardan istehsalata buraxılan ilk film məhz “Allahın zirehi 4” olub. İlkin mərhələdə filmin bəzi hissələrinin Özbəkistanda çəkilməsi müzakirə edilsə də, yekun qərarda çəkiliş coğrafiyası rəsmən yalnız Qazaxıstan və Azərbaycan olaraq təsdiqlənib.


Bənzər xəbərlər