Cennifer Lopez məşq zamanı üzündən xəsarət aldı
Cennifer Lopez 26 may tarixində təqdim edəcəyi 2025 Amerika Musiqi Mükafatlarının məşqləri zamanı üzündən xəsarət alıb.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, 55 yaşlı məşhur müğənni bu bədbəxt hadisəni “İnstagram” hesabında izləyiciləri ilə bölüşüb.
Lopez çərşənbə axşamı burnuna buz qoyduğu bir şəkil paylaşaraq, “Bu baş verdi…” sözləri ilə vəziyyəti açıqlayıb. Daha sonra burnundakı kəsiyi göstərən bir selfi yayımlayaraq, xəsarətin “Amerika Musiqi Mükafatlarının məşqləri zamanı” baş verdiyini bildirib.
Burnundakı xəsarət üçün “Beverly Hills”də fəaliyyət göstərən plastik cərrah Dr. Daymonda müraciət edən Lopez, “Məni sağaltdığınız üçün təşəkkür edirəm, Dr. Daymond. Bir həftə və bol buz tətbiqindən sonra yenidən əvvəlki kimiyəm,” mesajını əlavə edib.
Təxminən iki həftə sonra Lopez, Las Veqasda yerləşən “BleauLive” Teatrında Amerika Musiqi Mükafatlarına ev sahibliyi edəcək. O, daha əvvəl 2015-ci ildə də bu mərasimi təqdim etmişdi. Təşkilatın CEO-su Jay Penske, “Cenniferın heyrətamiz istedadı və unikal səhnə enerjisi onu bu iş üçün ideal aparıcı edir,” açıqlamasını verib.
Bu ilki mükafatlandırma mərasimində Ariana Grande, Taylor Swift, Billie Eilish, Post Malone, Kendrick Lamar və Sabrina Carpenter kimi məşhur adlar namizəd göstərilib.
Karyerası boyunca üç Amerika Musiqi Mükafatı qazanan Lopez, 2009-cu ildəki mərasimdə də səhnədə yıxılaraq zədə almışdı. O vaxt Ellen DeGeneresin proqramında başına gələn hadisəni belə izah etmişdi: “Rəqqasın beli tərləmişdi. Məşqlərdə həmişə köynək geyinirdilər, amma şouda çılpaq belin üstünə basanda ayaqlarım sürüşdü və yıxıldım”.
Ləman Sərraf