media-photo-output

“17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb”.

Bu sözləri Patrul.az-a açıqlamasında deputat Ceyhun Məmmədov 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı azadlığı öz gücü və mübarizliyi sayəsində qazanıb və Prezident İlham Əliyevin siyasi kursu müstəqilliyi möhkəmləndirib:

“1988-ci il noyabrın 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız azadlığı öz gücü, cəsarəti və mübarizliyi sayəsində qazandı. Ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha da möhkəmləndirib. Ən əsası odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır”.

C. Məmmədov bu siyasət sayəsində Azərbaycanın həm beynəlxalq aləmdə söz sahibi olduğunu, həm də Cənubi Qafqazın lideri kimi mövqeyini gücləndirdiyini vurğulayıb:

“Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Əziz həmvətənlər! Azərbaycan xalqının milli azadlıq mübarizəsində əsas dönüş nöqtəsi olan və xalqın iradəsini özündə əks etdirən Milli Dirçəliş Günü münasibətilə sizi təbrik edirəm! Bayramınız mübarək!”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər