media-inshot_20260428_174249147

Son bir neçə ildə süni intellektin insan həyatına sürətli inteqrasiyası rahatlıqla yanaşı, bir sıra narahatlıqları da özü ilə gətirib. Məsələn, məlumat sızması, saxta informasiyaların yayılması və s. Bu problemlər arasında süni intellektin yanlış yönləndirməsi nəticəsində cinayət törədən hallara da rast gəlinir.

Xarici saytlarda tez-tez belə xəbərlərlə qarşılaşırıq ki, qatil cinayəti törətməzdən əvvəl “ChatGPT”dən məsləhət alıb.

Məsələn, dünən ABŞ-nin Cənubi Florida Universitetində iki tələbəni öldürməkdə şübhəli bilinən şəxsin cinayəti törətməzdən əvvəl “ChatGPT” ilə mütəmadi “məsləhətləşmələr” apardığı, ona “Bir şəxs qara zibil torbasına qoyulub zibil qutusuna atılarsa, nə baş verər?” və “Silahların əldə edilməsi və istifadəsi qaydaları” kimi sorğular ünvanladığı məlum olub.

Belə vəziyyətlərdə məsuliyyət kimin üzərinə düşür?

Bu kimi halların qarşısını almaq üçün hansı texniki və hüquqi mexanizmlər tətbiq olunmalıdır?

Bununla bağlı SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında belə hallarda süni intellekt şirkətlərinin də məsuliyyət daşıdığını vurğulayıb:

“Bu sual artıq texnologiyadan çox məsuliyyət məsələsidir. Mən buna birtərəfli yanaşmanın düzgün olmadığını düşünürəm. Burada məsuliyyət bölünür:

Birinci tərəf istifadəçidir. Son qərarı verən insandır və əməli həyata keçirən də odur.

İkinci tərəf texnologiyanı yaradan şirkətlərdir. Onlar sistemləri təhlükəsizlik çərçivələri ilə qurmalı, riskli sorğulara cavabları məhdudlaşdırmalıdır.

Üçüncü tərəf isə hüquqi mühitdir. Qanunvericilik bu yeni reallığa uyğunlaşmalıdır.

Təkcə texnologiyanı günahlandırmaq doğru deyil. Texniki və hüquqi yanaşma paralel getməlidir. Texniki tərəfdə artıq ciddi filtrlər tətbiq olunur. Sistemlər riskli mövzuları tanıyır və cavab vermir və ya yönləndirir. Bu, sadəcə qayda deyil, model səviyyəsində qurulan mexanizmdir. Məsələn, prompt injection və ya sistemin aldatmağa çalışılması kimi hallara qarşı ayrıca qoruma metodları var. Bu istiqamətdə inkişaf davam edir”.

media-inshot_20260428_174034844

Ekspert sonda insanları süni intellektdən düzgün, yəni sərhədləri aşmadan istifadə etməyə çağırıb:

“Hüquqi tərəfdə isə daha aydın çərçivələr lazımdır. Hansı hallarda platforma məsuliyyət daşıyır, hansı hallarda istifadəçi cavabdehdir – bu sərhədlər konkret müəyyən edilməlidir. Eyni zamanda platformalar üçün minimum təhlükəsizlik standartları müəyyən edilməlidir.

Fikrimcə, burada əsas məsələ texnologiyanı qadağan etmək deyil, məqsəd onu idarə etməkdir. Süni intellektdən sui-istifadə mümkündür, amma düzgün yanaşma ilə bu risklər minimuma endirilə bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər