Çində fişəng fabrikində dəhşətli partlayış: 21 ölü, 61 yaralı
Çində Hunan əyalətinin Liuyanq şəhərində yerləşən fişəng fabrikində güclü partlayış baş verib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.
Partlayış 4 may 2026-cı il tarixində, yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 12:40) “Huasheng Fireworks Manufacturing and Display Co.” şirkətinə məxsus müəssisədə qeydə alınıb.
Hadisə yerinə 5 fərqli qrupdan ibarət, ümumilikdə 482 xilasedici cəlb olunub. Axtarış-xilasetmə işlərində insanlarla yanaşı 3 xüsusi robotdan da istifadə edilir.
Ərazidə yerləşən iki barıt anbarının təkrar partlayış riski yaratması səbəbindən 1 kilometrlik əsas əməliyyat zonası və 3 kilometrlik nəzarət zonası yaradılıb, sakinlər təxliyə edilib.
Yaralılar dərhal Liuyanq Xalq Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyətində sümük sınıqları və yanıq xəsarətləri qeydə alınıb.
Yerli polis artıq fabrik rəhbərliyini və məsul şəxsləri nəzarətə götürüb, hadisənin dəqiq səbəbi ilə bağlı araşdırma davam etdirilir.
Hazırda ərazidə təkrar partlayışların qarşısını almaq üçün rütubətləndirmə və digər texniki tədbirlər görülür.
Çin Sədri Si Cinpin hadisə ilə bağlı ciddi araşdırma aparılmasını və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Liuyanq şəhəri Çində fişəng istehsalının əsas mərkəzi hesab olunur və ölkə üzrə istehsalın təxminən 60%-ni təmin edir.







