media-inshot_20260421_111004417

Daşınmaz əmlak bazarında sənədləşmə məsələsi alıcılar üçün ən həssas mövzulardan biri olaraq qalır. Xüsusilə çıxarışı olmayan evlərin satışı zamanı hüquqi risklər daha da artır.

Bir çox hallarda vətəndaşlar daha ucuz qiymətə görə etibarnamə və ya bələdiyyə sənədləri ilə kifayətlənirlər. 

Bəs bu hal sonradan mülkiyyət problemlərinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Patrul.az Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirliyə müraciət edib.

İqtisadçı, bunu praktikada ciddi hüquqi risklər doğuran bir məsələ olduğunu bildirib:

“Çıxarışsız evlər dövlət reyestrində qeydə alınmayıb, yəni mülkiyyət hüququ rəsmi olaraq heç kəsin adına yazılı deyil. Belə evlər etibarnamə ilə satıldıqda alıcı faktiki olaraq mülkiyyətçi deyil, yalnız hüququ ötürülmüş şəxs kimi qalır. Etibarnamə isə verildiyi anda ləğv edilə, etibarnaməni verən şəxs vəfat edə və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bu hallarda alıcı həm evi, həm də ödədiyi pulu itirə bilər.

Bələdiyyə sənədləri ilə alınan mülklərdə isə vəziyyət bir qədər fərqlidir. Bələdiyyə mülkiyyəti dövlət qeydiyyatından keçməyib, bu torpaq və ya binanın texniki pasportu, tikinti icazəsi olmaya bilər. Belə əmlak ipotekaya qoyula bilmir, bankda girov kimi istifadə edilə bilmir, irsi yolla düzgün şəkildə ötürülə bilmir”.

media-inshot_20260421_110829943

A.Nəsirli əsas riskləri sadalayıb:

“Üçüncü şəxslərin eyni mülk üzərində iddia irəli sürməsi, dövlət tərəfindən torpağın geri alınması, irsiyyət zamanı mübahisələrin yaranması, mülkün qanunlaşdırılmasının mümkün olmaması və abadlaşdırma işləri zamanı icazə alınmasında problem. Bundan əlavə, belə əmlakın sonradan yenidən satışı da çətin olur, çünki sənədli alıcı tapmaq getdikcə çətinləşir.

Ucuz qiymət cəlbedici görünsə də, sənədsiz əmlak alarkən ödənilən məbləğ ilə sonradan çıxa biləcək hüquqi xərclər, itkilər və ya tam mülkiyyətsiz qalmaq riski arasındakı fərqi düşünmək vacibdir. Mütəxəssis hüquqşünasla məsləhətləşmək bu qərarı vermədən əvvəl ən doğru addımdır”.

Ləman Sərraf


Bənzər xəbərlər