“Crocus City Hall” işi üzrə ömürlük məhkum edilən Yusufzoda intihar edib
Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş Yakubdjoni Yusufzoda intihar edib.
Patrul.az xəbər verir ki, hadisə bu gün Moskvada yerləşən məşhur “Matrosskaya Tişina” (SİZO-1) istintaq təcridxanasında baş verib.
37 yaşlı Yusufzoda gecə saatlarında kamerasında asılmış vəziyyətdə tapılıb. Nəzarət kameraları vasitəsilə hadisədən xəbər tutan həbsxana əməkdaşları və həkimlər onun həyatını xilas etməyə çalışsalar da, mümkün olmayıb.
Yusufzoda terrorçuları maliyyələşdirməkdə – hücumdan əvvəl yaşayış xərcləri üçün, hücumdan sonra isə əlavə vəsait köçürməkdə ittiham olunaraq 2026-cı ilin mart ayında ömürlük həbs cəzasına məhkum edilmişdi.
Məlumata görə, o, əvvəllər də intihara cəhd göstərib. Eyni zamanda, terror aktı işi üzrə digər bir məhkum – silah alverində ittiham olunan Cabraila Auşev də başqa bir təcridxanada intihara cəhd edib, lakin o, həkimlər tərəfindən xilas edilib.
Hazırda Rusiya Federal Cəzaçəkmə Xidməti və İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.
Xatırladaq ki, 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da “Piknik” qrupunun konserti başlamazdan bir neçə dəqiqə əvvəl kamuflyaj geyinmiş 4 silahlı şəxs binaya daxil olaraq dinc insanlara atəş açmağa başlayıb. Terrorçular bununla yanaşı binanı tərk etməzdən əvvəl zalı yandırıcı maddələrlə yandırıblar. Dəhşətli terror aktı nəticəsində 151 nəfər həlak olub, 609 insan isə yaralanıb.
Hadisədən sonra terror aktının 4 birbaşa icraçısı – Dalerdjon Mirzoyev, Şəmsiddin Fariduni, Məhəmmədsobir Fayzov və Səidakram Raçabalizoda və onlara köməklik edən daha 11 nəfər olmaqla, ümumilikdə 15 nəfər ömürlük həbs cəzasına məhkum edilib.
Digər 4 nəfər isə cinayətdə müxtəlif dərəcəli iştiraklarına görə 19 ildən 22,5 ilədək azadlıqdan məhrum ediliblər.
Məhkumlar arasında terrorçulara mənzil kirayə verənlər, onlara avtomobil satanlar və pul köçürənlər (İntihar edən Yakubdjoni Yusufzoda kimi) də olub. İstintaqın gedişində ümumilikdə 20-dən çox şəxs saxlanılsa da, rəsmi olaraq 19 nəfərə qarşı ittiham irəli sürülərək məhkum edilib.
Gülbəniz Səfərova






