“Dabaq xəstəliyinin yayılması səbəbilə ət və süd məhsulları bahalaşacaq” – İqtisadçı
Son günlər ölkədə dabaq xəstəliyinin yayılması və yerli bazarlarda ətdən düzgün təminatın çətinləşməsi ilə bağlı narahatlıqlar artıb. Vətəndaşlar sağlamlıq baxımından risk görərək, xaricdən gətirilən ət məhsullarına üstünlük verməyə başlayıblar. Bu tendensiya həm yerli istehsalçıların satışını, həm də bazar qiymətlərini birbaşa təsir edə bilər.
Belə vəziyyətdə, xaricdən gətirilən ət məhsullarına təlabatın artması qiymət artımına səbəb ola bilərmi?
Bu mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda dabaq xəstəliyinin yayılması heyvandarlıq məhsullarında qıtlıq yaradaraq ət və süd məhsullarının bahalaşmasına səbəb ola bilər:
“Xaricdən idxal olunan ətin bəzi bölgələrdə idxalına qadağa qoyulub, çünki dabaq xəstəliyi təkcə Azərbaycanda deyil, həm də qonşu ölkələrdə yayılır və həmin ölkələrdə karantin rejimi tətbiq olunur. Ümumiyyətlə, ölkə daxilində xəstəliyin yayılması və qadağaların tətbiqi bazarda heyvandarlıq məhsullarının – ət, süd və ağartı məhsullarının – qıtlığına səbəb olacaq. Bu qısa müddətli dövrdə qiymətlərin bahalaşmasına gətirib çıxara bilər”.

A. Nəsirlinin sözlərinə görə, dabaq xəstəliyinə qarşı həyata keçirilən tədbirlərdən sonra qiymətlərdə qısa müddətli artım müşahidə olunsa da, bazarın tədricən sabitləşəcəyi və vəziyyətin normallaşacağı gözlənilir:
“Lakin nəzərə alsaq ki, dabaq xəstəliyinin inkubasiya dövrü 7–10 gün davam edir, tətbiq olunan məhdudiyyətlər və karantin tədbirləri ilə xəstəliyin yayılma zəncirini qırmaq və tezliklə karantin məhdudiyyətlərini aradan qaldırmaq mümkündür. Yəni, qiymətlər qısa müddətdə bahalaşa bilər, amma proses bitdikdən sonra, yəni xəstəlik zənciri qırıldıqdan sonra, bazar tədricən öz-özünü bərpa etməyə başlayacaq.
Məsələ burasındadır ki, qısa müddətdəki bahalaşma 10–15 gün ərzində baş verə bilər, amma həmin prosesin təsirləri bazarda bəlkə də 1–2 ay müddətində müşahidə olunacaq”.
Cəmilə Cəfərzadə






