media-inshot_20260330_142632214

Şimali Qafqazda yüzlərlə sakini evlərini tərk etməyə məcbur edən genişmiqyaslı daşqının nəticələri hazırda xilasedicilər tərəfindən aradan qaldırılır. Siklon zəifləsə də, qoyduğu izlər uzun müddət yaddaşlardan silinməyəcək.

Patrul.az xəbər verir ki, Dağıstan sakinləri belə mənzərə ilə əvvəllər qarşılaşmadıqlarını bildirirlər. Sular çox yavaş çəkilir, həyətlər su altında qalıb, evlər dağılıb, yollar və körpülər yuyulub. İnsanlar hələ də normal həyata qayıda bilmirlər.

Mahaçqalada yaşayış məhəllələri artıq şəhərdən çox fəlakət zonasını xatırladır. Bəzi ərazilərdə su hələ də bel səviyyəsindədir. Sakinlər öz evlərinə daxil ola bilmir, onlarla avtomobil isə birbaşa həyətlərdə su altında qalıb.

Ən ağır vəziyyət fərdi evlərin yerləşdiyi ərazilərdə və aşağı sahələrdə müşahidə olunur. Dünənə qədər küçələri çaya bənzəyən bu yerlərdə xilasedicilər, kommunal xidmətlər və ağır texnika fasiləsiz işləyir. Yerli sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən yüzdən çox insan, o cümlədən ailələr təxliyə edilib, lakin vəziyyət hələ də mürəkkəb olaraq qalır.

Bütöv yaşayış massivləri, həyətlər və təsərrüfat sahələri su altında qalıb. Körpülərə, fermer təsərrüfatlarına, məhsullara və istixana komplekslərinə ciddi ziyan dəyib. Ən çətin ərazilərə çatmaq üçün kommunal xidmət əməkdaşları traktorlardan və digər ağır texnikadan istifadə etməyə məcbur qalır. Bəzi hallarda insanlar yalnız yük maşınları ilə təhlükəsiz ərazilərə çıxarıla bilir və daha sonra müvəqqəti yerləşdirmə məntəqələrinə aparılır.

Artıq iki elektrik yarımstansiyası bərpa edilsə də, işlər davam edir. İkinci gündür ki, minlərlə Dağıstan sakini hələ də elektrik enerjisiz qalıb.

Buinaksk şəhərində güclü leysanlardan sonra torpaq sürüşmələri baş verib, bəzi evlər dağılıb və şəhərdə fövqəladə vəziyyət elan olunub. Mütəxəssislər hazırda ərazidə qalmağın nə dərəcədə təhlükəsiz olduğunu qiymətləndirirlər.

Dağlıq Keytaq rayonunda da vəziyyət ağırdır. Ulluçay çayında suyun səviyyəsinin kəskin qalxması nəticəsində sahil uçqunları baş verib, iki ev artıq dağılıb. Sakinlər təcili şəkildə təxliyə olunub. Digər tikililər, o cümlədən “Raduga” uşaq bağçası da risk altındadır.

Xasavyurt rayonunda vəziyyət xüsusilə kritikdir. Üç iri kənd hələ də su altında qalır. İki mindən çox insan evlərini tərk edib. Onların təxliyəsi yalnız yük maşınları ilə mümkün olub, çünki adi avtomobillər və hətta yolsuzluq maşınları belə əraziyə daxil ola bilmir – yollar tamamilə yuyulub, suyun səviyyəsi isə çox yüksəkdir.

Hazırda zərərçəkmiş bütün ərazilərdə suyun çəkilməsi, küçələrin təmizlənməsi, dağıntıların aradan qaldırılması, evlərin, körpülərin və yolların vəziyyətinin qiymətləndirilməsi işləri davam edir. İlkin hesablamalara görə, dəymiş zərərin həcmi milyardlarla rubl təşkil edə bilər.

Aynur Nadirqızı


Bənzər xəbərlər