Daim harasa gecikirsiniz? - Problem saatda yox, sizin...
Bir çox insan üçün hər hansı bir yerə gecikmək artıq vərdiş halını alıb. Gecikmək məsuliyyətsizlik kimi görünməyə səbəb olur. “Bir az gecikdim, nə olar ki?” düşüncəsi isə zamanla həm şəxsi münasibətlərdə, həm də iş həyatında ciddi problemlərə yol aça bilər. Əgər gecikmə həyatınızın adi hissəsinə çevrilibsə, səbəb düşündüyünüzdən daha dərin – psixoloji və neyrobioloji ola bilər.
Patrul.az-ın araşdırmasına görə, son illər psixologiyada daha çox müzakirə edilən anlayışlardan biri “vaxt korluğu”dur. Bu anlayış insanın zamanın axışını düzgün qavramaqda çətinlik çəkməsini ifadə edir. Belə insanlar üçün 5 dəqiqə ilə 30 dəqiqə arasındakı fərq demək olar ki, hiss olunmur.
“Mən indi çıxaram” – amma vaxt harada itir?
Mütəxəssislərin fikrincə, xroniki gecikmə çox vaxt insanın tapşırıqlara real vaxt biçməməsi ilə bağlıdır. Məsələn, bir şəxs evdən çıxmağa 10 dəqiqə kifayət etdiyini düşünür, halbuki geyinmək, əşyaları toplamaq, lifti gözləmək və yolda yaranan xırda gecikmələr bu vaxtı asanlıqla 25–30 dəqiqəyə çatdırır.
Araşdırmalar göstərir ki, gecikən insanlar çox zaman diqqətlərini tez itirir, bir işdən digərinə keçidi gecikdirir, “hələ vaxt var” düşüncəsinə həddən artıq güvənirlər. Nəticədə isə planlar pozulur, qarşı tərəfdə narazılıq yaranır.
Mütəxəssislər bildirir ki, davamlı gecikmə münasibətlərdə ciddi etibar problemləri yarada bilər. Qarşı tərəf bunu şüurlu şəkildə olmasa belə, “vaxtım dəyərsizdir” mesajı kimi qəbul edir. Bu isə zamanla inciklik, məsafə və konfliktlərə yol aça bilər. İş həyatında isə vəziyyət daha həssasdır. Görüşlərə gecikən, tapşırıqları vaxtında çatdırmayan əməkdaş peşəkar imicini risk altına atır. Komanda işində bu cür davranış ümumi prosesin ləngiməsinə və gərginliyə səbəb ola bilər.
“Vaxt korluğu” kimlərdə daha çox rast gəlinir?
Mütəxəssislər qeyd edirlər ki, bu problem xüsusilə “Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (ADHD) olan şəxslərdə daha çox müşahidə olunur. Bu şəxslər üçün vaxtın nə qədər tez keçdiyini hiss etmək çətindir. Olanlaşdırma və prioritetləşdirmə problem yaradır və “indi başlayım” qərarı tez-tez təxirə salınır. Lakin vaxt korluğu yalnız bununla məhdudlaşmır. Stress, yüksək narahatlıq, qaçınma davranışı və perfeksionizm də gecikmənin əsas səbəbləri sırasında göstərilir.
Bəzi insanlar üçün isə gecikmənin səbəbi “hər şey mükəmməl olsun” istəyidir. “Son bir düzəliş edim”, “bunu da tamamlayım” deyə-deyə vaxtın necə keçdiyini anlamırlar. Digərləri isə narahatlıq səbəbindən bir işə başlamağı gecikdirir və günün əvvəlində yaranan bu gecikmə bütün günə yayılır. Maraqlıdır ki, bəzən insan özü də niyə gecikdiyini dəqiq izah edə bilmir.
Gecikmələrin qarşısını necə almaq olar?
Mütəxəssislər vurğulayır ki, xroniki gecikmə dəyişdirilə bilən bir vərdişdir. Bunun üçün bir neçə praktik üsul tövsiyə olunur:
Vaxt ölçmə metodu
Bir tapşırığın nə qədər vaxt aparacağını təxmin edin və real vaxtı ölçün. Fərqi görmək zaman hissini gücləndirir.
“Bufer vaxt” əlavə edin
Görüşlər və tapşırıqlar arasında 10–15 dəqiqəlik ehtiyat vaxt planlaşdırın.
Xatırladıcılar və siyahılar
Alarm, taymer və yoxlama siyahıları diqqəti toplamağa kömək edir.
Peşəkar dəstək
Əgər gecikmə işinizə, münasibətlərinizə və gündəlik həyatınıza ciddi təsir edirsə, psixoloq və ya ruhi sağlamlıq mütəxəssisinə müraciət etmək faydalı ola bilər.
Gecikmək hər zaman məsuliyyətsizlik demək deyil. Bəzən bu, beynin zamanı necə qavraması ilə bağlıdır. Vacib olan problemi qəbul etmək və onu dəyişmək üçün addım atmaqdır. Unutmayaq ki, vaxt yalnız saatdakı rəqəmlər deyil, o, həm də etibarın, hörmətin və münasibətlərin ölçüsüdür.






