Dələduzların yeni tələsi - “Pul qoy, qazanc götür” oyunlarına aldanmayın
Patrulaz.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev yazır:
“Son günlər redaksiyamıza daxil olan şikayətlər arasında oxşar məzmunlu bir problem xüsusilə diqqət çəkir. Müxtəlif şəxslər “pul qoy, qazanc götür” adı altında fəaliyyət göstərən dələduz qrupların tələsinə düşərək həm maddi, həm də mənəvi zərər çəkirlər.
Bu cür dələduzluq halları əsasən saxta sosial şəbəkə profilləri və guya yüksək gəlir vəd edən saxta investisiya saytları vasitəsilə həyata keçirilir. Şikayətçilərin sözlərinə görə, onlara müəyyən məbləğdə pul yatırmaq təklif olunur və bu məbləğin qısa müddətdə “faizlə” və ya “ikiqat qazanc”la geri qaytarılacağı bildirilir. Lakin vəd olunan gəlir heç vaxt reallaşmır və nəticədə vətəndaşlar dələduzların qurbanına çevrilirlər.
Səməndər Niftəliyev bildirir ki, bu halların əsas səbəblərindən biri insanların asan yolla pul qazanmaq istəyi və maliyyə savadının zəifliyidir. Dələduzlar da bu psixoloji zəiflikdən istifadə edərək insanları inandırmağa və tələyə salmağa çalışırlar.
Daxili İşlər Nazirliyi bu istiqamətdə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir. Nazirlik tərəfindən sosial çarxlar hazırlanır, marifləndirici kampaniyalar keçirilir və vətəndaşlara belə təkliflərə inanmamaq barədə xəbərdarlıqlar edilir. Lakin bütün bu maarifləndirmə işlərinə baxmayaraq, hələ də “asan qazanc” vədlərinə aldananların sayı artmaqda davam edir.
Vətəndaşlara bir daha xatırladırıq ki, heç bir rəsmi maliyyə qurumu və ya bank sosial şəbəkələrdə şəxsi mesaj vasitəsilə investisiya və ya gəlir təklif etmir. “Pul qoy, qazanc götür” tipli elan və reklamlara inanmaq həm maddi itki, həm də hüquqi məsuliyyət riski yaradır.
Belə saxta vədlərin qurbanına çevrilməmək üçün hər kəs diqqətli olmalı, şübhəli elanlara etibar etməməlidir. Unutmayaq ki, hər birimizin laqeydliyi bu dələduzların fəaliyyətini asanlaşdırır və hüquq-mühafizə orqanlarının işini çətinləşdirir.
Qazanmaq istəyirsinizsə, əməyinizlə qazanın – dələduzların tələsinə deyil, qanuni yollara inanın.”






