“Dəqiqlik xəstəliyi” – Hər şeyin mükəmməl olması ehtiyacı bizi necə yorur?
Bəzən yazdığımız bir mesajı 5 dəfə silib yenidən yazırıq. Bir iş təqdim etməzdən öncə onu dəfələrlə yoxlayırıq. Qonaq gələcək deyə evdə toz olmayan yeri də təmizləyirik. Çünki “hər şey tam olmalıdır”. Bu sanki bir məsuliyyət deyil, varlıq səbəbinə çevrilib. Amma bu zaman bir sual yaranır: Bəs biz nə vaxt rahat olacağıq?
Patrulaz.az-ın məlumatına görə, bu təzyiqin adı “dəqiqlik” xəstəliyidir. Psixologiyada “perfeksionizm” kimi tanınan bu hal, bir çox insanın həyatının görünməz idarəedicisidir. Çox zaman bu, təkcə həyat keyfiyyətini yox, psixi sağlamlığı da alt-üst edir.
Dəqiqlik xəstəliyi nədir?
Perfeksionizm insanın özündən (və bəzən başqalarından da) qeyri-real dərəcədə yüksək gözləntilər içində olmasıdır. Belə insanlar ya “mükəmməl” edirlər, ya da heç etmirlər. Hər şey planlı, dəqiq və qüsursuz olmalıdır. Xırda səhvlər belə qəbuledilməz sayılır. Bu vəziyyət, əslində, sadəcə nizam-intizam, məsuliyyət deyil, xroniki daxili təzyiq, özünü tənqid, və qorxu ilə idarə olunan bir həyat tərzidir.
“Mükəmməllik” arxasında gizlənən yorğunluq
Hər şeyi düzgün etmək istəyi gözəl səslənə bilər, amma bu, zamanla daimi narahatlıq, tükənmişlik sindromu (burnout), depressiv əhval, qərar verməkdə çətinlik, özünü heç bəyənməmək hislərinə yol aça bilər.
Amerikalı klinik psixoloq Dr. Gordon Flett qeyd edir ki, perfeksionizm xoşbəxtliyin düşmənidir:
“İnsanlar mükəmməl olduqları gün xoşbəxt olacaqlarına inanırlar, amma o gün heç vaxt gəlmir”.
Bu hal bizdə haradan yaranır?
“Perfeksionizm” bir günün içində yaranmır. Bunun kökləri uşaqlıqda, ailə tərbiyəsində və ya cəmiyyətin təzyiqində gizlənir:
• Mükəmməllik gözləntisi ilə böyümək – “Sən ən yaxşısı olmalısan!” mesajı ilə formalaşan uşaqlar, gələcəkdə səhvə qarşı dözümsüz olurlar.
• Başqalarının rəyi ilə yaşamaq – Sosial şəbəkələrdə hər şeyin “ideal görünməli” olduğu dövrdə “başqaları nə düşünər?” psixologiyası insanı daima gərgin saxlayır.
• Özünü sübut etmə ehtiyacı – Daxildəki “mən bacarıqlıyam” mesajını təsdiqləmək üçün həddən artıq çalışmaq.
Sosial media perfeksionizmi qidalandırır
Bugünkü virtual həyat dəqiqlik xəstəliyini daha da gücləndirir. İnstagramda “ideallıq” normal kimi təqdim olunur:
– Hər şəkil filtrlənmiş;
– Hər həyat mükəmməl montajlanmış:
– Hər cümlə sanki yazıçı əlindən çıxmış
Nəticə? Gerçək həyat sosial şəbəkədəki həyatla uyğun gəlmədikcə, özünə qarşı narazılıq artır. Psixoloq Dr. Brené Brown yazır:
“Perfeksionizm özünü qoruma mexanizmidir. Sanki, məni tənqid etməyin, çünki mən artıq hər şeyi düzgün etdim, – deməkdir”.
Perfeksionizmin növləri
1. Özünə yönəlmiş perfeksionizm – İnsan özündən qeyri-real gözləntilər qoyur.
2. Sosial yönümlü perfeksionizm – İnsan düşünür ki, başqaları ondan qüsursuz olmağı gözləyir.
3. Digərlərinə yönəlmiş perfeksionizm – İnsan ətrafındakıların da hər şeyi ideal etməsini istəyir.
Hər üç hal insan münasibətlərini zədələyir, emosional məsafə yaradır və həyatı sınaq kimi yaşadır.
Necə azad ola bilərik?
Dəqiqlik xəstəliyindən xilas olmaq mümkündür. Bu, zəiflik deyil, cəsarət tələb edən bir addımdır:
Qüsurla barışmağı öyrən – Səhv etmək, təkamülün bir hissəsidir.
Kiçik addımlarla azad ol – Mükəmməl olmayan bir işi təqdim et. Bəzi şeyləri “yetərincə yaxşı” qəbul etməyə başla.
“Niyə bu qədər çalışıram?” deyə özündən soruş. Yəni, bu istək daxili ehtiyacdır, yoxsa qorxunun məhsuludur? Özünə şəfqət göstər – Həyat bir yarış deyil, yolçuluqdur. Özünə yoldaş ol. Dəstək axtar – Bəzən terapiya bu halın kökündəki qorxuları aşkara çıxarmağa və azad olmağa yardım edir.
Hər şeyi mükəmməl etməyə çalışmaq, həyatın gözəlliyini oğurlaya bilər. Perfeksionizm, əslində, həyatın özünün qüsurlu, sürprizli və bəzən qarışıq olmasına qarşı çıxmaq cəhdidir. Amma həyat ideal olmaq üçün yox, yaşanmaq üçün var.
Ləman Sərraf






