“Dərimin altında bir şey var…” – Ekbom Sindromunun görünməyən iztirabı
Təsəvvür edin ki, bədəninizdə bir şeylərin gəzdiyini hiss edirsiniz. Gecə yata bilmirsiniz, çünki qollarınızın altında sürünən, ayaqlarınıza sancılan, dərinizə ilişib çıxmayan görünməz həşəratlar var. Gözlə görünmür deyə başqaları inanmır. Amma siz hər saniyə hiss edirsiniz.
Bu, sadəcə bir qorxu deyil. Bu, Ekbom sindromudur.
Bəs bu sindrom haqqında nələr bilirik?
Patrulaz.az Ekbom sindromu barədə bilmədiklərinizi təqdim edir:
Görünməz düşmən: Zehində yaşanan parazit qorxusu
Ekbom sindromlu insanlar inanırlar ki, bədənlərində kiçik canlılar – parazitlər, böcəklər və ya sürünənlər var. Onlar dərilərini qaşıyır, sıxır, qoparır, bəzən özlərini yaralayacaq qədər irəli gedirlər. Bu şəxslərin çoxu həkim-həkim gəzib analiz versələr də, həmişə bədənlərində heç bir parazit olmadığı ilə bağlı cavab alarlar.
Burada əsas məsələ fiziki deyil, psixoloji mənşəlidir. Beyin bu “hissi” reallıq kimi qəbul edir. Çünki Ekbom sindromu çox vaxt şizofreniya, depressiya, demensiya və ya maddə istifadəsi sonrası halüsinasiyalar fonunda ortaya çıxır.
Təkcə zehində deyil, dırnaqların altında da gedən bir savaş
Ekbom sindromu ilə yaşayan insanların həyat keyfiyyəti ciddi şəkildə pozulur. İstirahət edə bilmirlər, ictimai həyatdan uzaqlaşırlar, tibbə olan etibarlarını itirirlər. Bir çoxu bu görünməz düşmənlə mübarizə üçün evlərini dərmanlayır, pestisidlər alır, hətta evlərini yandıranlar belə olub. Onların bədəni yox, psixikası qaşınır və heç kim bu qaşıntını sakitləşdirə bilmir.
Onlara inanmaq çətindir, amma inanmamaq vicdansızlıqdır
Bu sindromun ən acı tərəfi ətrafındakıların, ailəsinin və həkimlərin, zamanla xəstədən uzaqlaşmasıdır. Axı kim inanar ki, dərisinin altında canlı var? Bu, onların həm inancını, həm də insanlarla əlaqələrini qırır. Halbuki, bu şəxslər bir xəstəliklə – bəli, real bir ruhi pozuntu ilə mübarizə aparır. Onlara “xəyal qurursan” demək yerinə, “səni başa düşürəm, gəl birlikdə araşdıraq” demək bəlkə də həyat qurtara bilər.
Yalnız diaqnoz yox, empatiya da vacibdir
Ekbom sindromunun müalicəsi asan deyil, çünki əksər xəstələr özlərində problem olduğunu qəbul etmirlər. Onlar dermatoloqa deyil, çox vaxt entomoloqa (həşərat mütəxəssisinə) gedirlər. Lakin bu pozuntunun müalicəsi psixiatrik dəstək, antipsixotik dərmanlar və ən əsası empatik yanaşma ilə mümkündür.
Cəmiyyət olaraq bu kimi “nadir” pozuntuları anlamadıqca, biz bu insanları “dəli”, “xəstəxanalıq” və ya “yalançı” kimi damğalamağa davam edəcəyik. Halbuki, onlar sadəcə fərqli bir qaranlığın içində qalmış insanlardır.
Ləman Sərraf






