“Yağış pambıq yığımına mane olur” – Kənd təsərrüfatında son vəziyyət
Tez-tez və sürətlə dəyişən havanın temperaturu, bir həftədə yayı, bir həftədə qışı xatırladır. Ümumiyyətlə kənd təəsrrüfatı təbiətdən asılı olan bir sahədir. Hava şəraitinin dəyişməsi bu və ya digər formada kənd təsərrüfatına öz təsirini göstərir.
Bəs, belə anomal hava şəraitindən torpaq və kənd təsərrüfatı məhsulları necə təsirlənir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son vaxtlar intensiv yağıntıların müşahidə olunması kənd təsərrüfatına həm müsbət, həm də müəyyən mənfi təsirlər göstərib:
“Mənfi təsirlərdən başlasaq, əsas problem pambıq sahələrində müşahidə olunur. Belə ki, bəzi ərazilərdə pambıq yığımı hələ də davam edir və vaxtında həyata keçirilmədiyindən yağıntılar yığım prosesinə mane olur. Bu, həmçinin digər kənd təsərrüfatı məhsullarının da yığımında müəyyən çətinliklər yaradır”.

Ekspert yağıntıların müsbət təsirlərini də qeyd edib:
“Xüsusilə, payızlıq taxıl səpini vaxtında həyata keçirilmiş ərazilərdə bu yağışlar əkinlər üçün çox faydalı oldu. Eyni zamanda, Azərbaycanın ümumi iqlim şəraiti hazırda normaldır. Havanın şaxtasız keçməsi və yağıntının düşməsi təbii biçənək və otlaq sahələri üçün də əlverişlidir.
Bundan əlavə, son vaxtlara qədər fermerlər və kənd sakinləri yağıntının olmamasından, suvarma imkanlarının məhdudluğundan narazılıq edirdilər. Hazırda yağan yağışlar həmin problemə müəyyən dərəcədə yardımçı oldu və əkin sahələrinin su təminatını yaxşılaşdırdı.
Yekun olaraq deyə bilərik ki, cari hava şəraiti kənd təsərrüfatı üçün kritik zərər yaratmasa da, pambıq yığımı kimi bəzi proseslərdə gecikmələrə səbəb olub. Bununla belə, ümumi mənzərə o qədər də narahatedici deyil”,– deyə o əlavə edib.
Ləman Sərraf






