media-inshot_20260515_153545708

İspaniya vizual çirklənmənin qarşısını almaq və şəhər estetikası qorumaq məqsədilə eyvanlardan paltar asılmasını, xalça çırpılmasını və fasadların vizual görünüşünü pozan digər məişət vərdişlərini ciddi şəkildə qadağan edib. Avropanın bir çox ölkəsində tətbiq edilən bu cür sərt qaydalardan sonra oxşar məsələlər ölkəmizdə də müzakirə mövzusuna çevrilir.

Bəs, hazırda Azərbaycanda çoxmənzilli bina evlərində eyvandan çölə paltar asılmasına görə hər hansı cərimə və ya hüquqi məsuliyyət nəzərdə tutulurmu? Bizdə də İspaniyadakı kimi kəskin qadağalar və cərimələr tətbiq oluna bilərmi?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, paltar asılması İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinə əsasən şəhərin səliqə və abadlıq qaydalarının pozulması kimi 30-50 manat cərimə ilə nəticələnə bilər:

“Bu məsələ bilavasitə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində xüsusi bir “paltar asmaq” maddəsi ilə deyil, ümumilikdə şəhərsalma, abadlaşdırma və yaşayış binalarının istismarı qaydalarının pozulması kontekstində tənzimlənir. Təcrübədə bu cür hallara qarşı sanksiyalar əsasən İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinə əsasən tətbiq olunur. Həmin maddə şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulmasını, habelə təmizliyi və səliqəni təminetmə tələblərinə əməl edilməməsini nəzərdə tutur. Binaların mərkəzi küçələrə və prospektlərə baxan xarici fasadından asılan paltarlar şəhərin vizual mənzərəsini və estetik səliqəsini pozduğu üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin maddənin tələbləri çərçivəsində qiymətləndirilir. İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinin sanksiyasına görə, şəhərin təmizliyini və səliqəsini pozan bu cür xətalara yol verən fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilirlər”.

media-img-20260420-wa0025

R.Əzimzadə qeyd edir ki, fasad və ümumi mülkiyyətə qanunsuz müdaxilə 393.4-cü maddəyə əsasən 50–100 manat cərimə ilə cəzalandırıla bilər:

“Bununla yanaşı, bir çox hallarda sakinlər paltar asmaq üçün binanın xarici fasadına qanunsuz dəmir konstruksiyalar, iplər və ya əlavə qurğular bərkidirlər. Binaların xarici divarlarında, yəni mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olan fasadda edilən bu cür özbaşına müdaxilələr artıq İnzibati Xətalar Məcəlləsinin 393-cü maddəsinin təsir dairəsinə düşür. Məcəllənin 393.4-cü maddəsi yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə inzibati məsuliyyət müəyyən edir. Bu hüquqazidd hərəkətə görə qanunvericilik fiziki şəxslər üçün əlli manatdan yüz manatadək cərimə nəzərdə tutur”.

Hüquqşünasın sözlərinə görə, şəxsi eyvanda paltar qurutmaq sərbəstdir, lakin onu fasada çıxarmaq şəhərin görkəmini pozarsa inzibati məsuliyyət yarada bilər:

“Məsələnin hüquqi izahı ondan ibarətdir ki, vətəndaşın öz mülkiyyətində olan eyvanın daxilində şəxsi əşyalarını qurutması tamamilə sərbəstdir və heç bir hüquqi məsuliyyət yaratmır. Lakin həmin əşyaların xarici fasada doğru çıxarılması və şəhərin ümumi memarlıq görkəminə zərər vuran hər hansı əlavə detalla bərkidilməsi birbaşa olaraq qeyd olunan inzibati normalar vasitəsilə tənzimlənir. Dövlətin burada əsas məqsədi vətəndaşların kollektiv yaşayış qaydalarına riayət etməsini, şəhərsalma mədəniyyətini və urbanistik estetikani qorumağı təmin etməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər