Dırnağınızın ətdən ayrılmasını istəmirsinizsə, BUNU ƏSLA ETMƏYİN!
Süni dırnaq qaynağı (gel və ya akril) müasir xanımların ən çox müraciət etdiyi gözəllik prosedurlarından biridir. Lakin dırnaqlar uzandıqdan sonra çox vaxt vaxt darlığından və ya xərcə qənaət etmək məqsədilə bir çoxları salona getmək əvəzinə, qaynağı evdə özləri çıxarmağa çalışırlar. İlk baxışda sadə görünən bu hərəkət, əslində geri dönüşü olmayan fəsadlara yol aça bilər.
Patrul.az-ın araşdırmalarına görə, dırnaq qaynağının peşəkar müdaxilə olmadan, mexaniki üsulla (qoparmaq, qazımaq) çıxarılması ciddi dırnaq xəstəliklərinə və struktur pozulmalarına səbəb olur.
Dırnaq qaynağı xüsusi aparatlar və ya kimyəvi həlledicilərlə çıxarılmalıdır. Əks halda, aşağıdakı risklər qaçılmazdır:
Dırnaq lövhəsinin travması
Qaynaq dırnağa çox möhkəm yapışdığı üçün onu güclə qopardıqda, dırnağın üst qatı olan keratin təbəqəsi də birlikdə qopur. Nəticədə dırnaq hədsiz dərəcədə nazilir, kağız kimi yumşalır və ağrılı olur.
Onixolizis (Dırnağın ətdən ayrılması)
Süni dırnağı dartaraq çıxarmaq dırnaq yatağına təzyiq edir. Bu, dırnaq lövhəsinin ətdən ayrılmasına (onixolizis) səbəb ola bilər. Boş qalan sahədə isə rütubət yığılaraq göbələk və bakteriyaların çoxalması üçün ideal şərait yaradır.
İnfeksiya və göbələk riski
Özbaşına çıxarma zamanı dırnaq ətrafındakı incə dəri (kutikula) zədələnə bilər. Açıq yara və ya zədələnmiş təbəqə vasitəsilə qana infeksiya keçmə ehtimalı artır. Xüsusilə dırnaq altında qalan mikro-çatlara daxil olan su və çirk göbələk xəstəliyinin əsasını qoyur.
Bərpanın uzun sürməsi
Dırnaq lövhəsi tamamilə zədələndikdə, onun yenidən sağlam şəkildə uzanması 4 aydan 6 aya qədər vaxt apara bilər. Bu müddət ərzində dırnaqlar həm estetik görünüşünü itirir, həm də hər hansı bir toxunuşda ağrı verir.
Əgər dırnaqlarınızı salonda çıxarmağa imkanınız yoxdursa, onu əsla qoparmayın. Heç olmasa dırnaq üçün nəzərdə tutulan xüsusi aseton (remover) və folqa üsulundan istifadə edin. Lakin ən təhlükəsiz yol, dırnağın təbii strukturunu qoruyan peşəkar usta aparatından (frez) istifadə etməkdir. Unutmayın ki, bir neçə dəqiqəlik “tənbəllik” və ya qənaət, aylarla davam edən tibbi müalicə ilə nəticələnə bilər. Sağlamlığınız gözəlliyinizdən daha önəmlidir.
Cəmilə Cəfərzadə






