media-inshot_20260303_181536365

Son günlər ölkədə banklarda ABŞ dollarının alışı üçün müəyyən limitlərin tətbiq olunması əhali arasında maraq doğurub. Bu addım bir çox insan üçün gündəlik valyuta əməliyyatlarını təsir edir və iqtisadi vəziyyət barədə suallar yaradır.

Bəs bu limitlərin arxasında duran səbəblər və onların iqtisadi əsaslandırması nədir?

Bu barədə,iqtisadçı ekspert, vəkil, bank sektoru sahəsində hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, valyuta limitləri banklar tərəfindən tətbiq olunsa da, bu sistem bank sirrini pozduğu üçün qanunsuz sayılır:

“Bunu izah edəndə rəsmi şəkildə Mərkəzi Bank deyirdi ki, limiti banklar özləri tətbiq ediblər. Amma təbii ki, biz hamımız başa düşürdük ki, banklar belə bir limiti niyə özləri tətbiq etsinlər ki? Həm də bir bank işçisindən bilirsən ki, o biri bankın müştərisi nə qədər pul alıb. O vaxt bu, bank sirrinin pozulması deməkdir. Yəni bir sistem vardır ki, banklar orada görünürlər – vətəndaş il ərzində nə qədər xarici valyuta alıb. Deməli, digər banklar da bunu görürlər. Bu qanunsuzdur, bank sirrinin pozulmasıdır, çünki belə bir sistemin tətbiqi qanunda nəzərdə tutulmayıb”.

Ə. Həsənov qeyd edir ki, Azərbaycanda vəsaitin mənbəyinin yoxlanılması formal xarakter daşıyır, çünki əksər hallarda gəlir və xərclər rəsmi şəkildə sənədləşdirilmir:

“Səbəb nədir? Deyirlər ki, çirkin pulların yığılmasının qarşısını almaq üçün qanunvericilikdən çıxış edirlər. 20 min manatdan yuxarı olan məbləğlərdə vəsaitin mənbəyini bank soruşur. Bu absurddur, çünki Azərbaycanda bu sistem işləmir. Axı, vətəndaş vəsaitin mənbəyi kimi istənilən şeyi göstərə bilər, məsələn, “babamdan qalıb” deyə bilər. Çünki Azərbaycanda nəinki vətəndaşların, heç məmurların da gəlir və xərcləri üzrə rəsmi bəyanatı yoxdur. Yəni sən sabah vətəndaşa deyə bilməzsən ki, vaxtında bunu bəyan etməmisən. Mən bu dəqiqə istənilən məbləğlə, hətta 1 milyard manat banka gətirə bilərəm və deyə bilərəm ki, “babamdan qalmışd””. Hə, sən bunu necə araşdıracaqsan? Heç cür”.

media-img-20260303-wa0024

Ekspertin sözlərinə görə, valyuta limiti əsasən ölkədə dövriyyəni nəzarətdə saxlamaq və gələcəkdə ehtiyat probleminin qarşısını almaq məqsədilə tətbiq edilib:

“Bu baxımdan aydındır ki, bu limitin məqsədi birincisi ölkədə valyuta dövriyyəsini nəzarət altına almaq və insanları valyuta almaqdan qorxutmaq idi, yəni “bəs birdən soruşarlar, haradandır?” deyə qorxusunu yaratmaq. Düzdür, bugün Azərbaycan manatı üçün elə bir təhlükə yoxdur. Valyuta ehtiyatımız kifayət qədərdir, neftin qiyməti bir az qalxıb, dollar dünyada ucuzlaşır. Amma bu limit bir neçə il əvvəl tətbiq edilib və uzunmüddətlidir. Ona görə deyə bilərik ki, məqsəd gələcəkdə valyuta ehtiyatlarında problem yaranmasın deyə, indidən bu sistemi tətbiq etmək idi. Yəni ölkədə valyuta alışını məhdudlaşdırmaq üçün tətbiq edilib, bu aydındır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər