Donald Tramp: "Putinə deyəcəyəm ki, müharibəni dayandırsın"
ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Tramp avqustun 15-də Alyaskada baş tutacaq görüşün daha çox ilkin xarakter daşıyacağını bildirib. Onun sözlərinə görə, Putinlə görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə və Avropa liderlərinə məlumat verəcək.
“Putinə deyəcəyəm ki, bu müharibəni dayandırsın. Növbəti görüş ya Zelenski və Putinlə, ya da hər üçümüzün iştirakı ilə olacaq. Mən iki lider arasında görüş təşkil etmək istəyirəm”, – Tramp vurğulayıb.
Tramp, həmçinin Zelenski ilə yaxşı münasibətdə olduğunu vurğulasa da, Ukrayna liderinin torpaq məsələlərində konstitusiya təsdiqinə ehtiyac olması ilə bağlı təklifindən narazılığını ifadə edib:
“Zelenskiyə müharibəyə başlamaq və hər kəsi öldürmək icazəsi verilib, lakin torpağı dəyişdirmək üçün ona icazə lazımdır. Torpaq mübadiləsi olacaq”, – deyə o bildirib.
Prezident əlavə edib ki, Rusiya bəzi mühüm əraziləri işğal edib və bu ərazilərin bir hissəsini Ukraynaya qaytarmağa çalışacaqlar. Onun sözlərinə görə, Putinlə görüşün ilk bir neçə dəqiqəsində Ukrayna ilə bağlı razılaşmanın mümkün olub-olmadığını anlayacaq.






