"Dövlət başçımızın bu mükafata layiq görülməsi dünyada ölkəmizin nüfuzunun artdığını göstərir" - Deputat
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Bu mükafat dövlət başçısına Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Bəs bu mükafatın ölkəmiz və dövlət başçımız üçün əhəmiyyəti nədən ibarətdir?
Bu barədə Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, mükafat Prezident İlham Əliyevin əsasən gördüyü işlər və uğurlu siyasəti nəticəsində verilib:
“Prezident İlham Əliyevin “”Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlət başçımızın bu sahədə gördüyü işlərin nəticəsidir. Bildiyimiz kimi, ölkəmizdə sülhün təşəbbüskarı Prezidentdir. Onun həyata keçirdiyi siyasət nəticəsində bu gün bölgəmizə sülh gəlib”.

C.Məmmədov mükafatın əldə olunmasında 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb:
“8 avqust 2025-ci il tarixində ABŞ-də imzalanan Birgə Sülh Bəyannaməsi bunu bir daha təsdiqləyir. Yəni, Azərbaycan həmişə sülh tərəfdarı olub və bölgəyə sülhün gəlməsi üçün çalışıb. Bu prosesə isə Ermənistan həmişə mane olmağa çalışıb. Artıq ABŞ-də imzalanmış sənəd sayəsində dövlətlər öz aralarında razılığa gəldilər və ölkəmiz yeni bir dövrə qədəm qoydu, bu da böyük əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qazanması ölkəmizin nüfuzunun yüksək olduğunu göstərir:
“Bir sözlə, qazanılan mükafat cənab Prezidentin həyata keçirdiyi siyasətə, gördüyü işlərə və atdığı addımlara növbəti bir töhfədir. Eyni zamanda, bu, dünyada ölkəmizin nüfuzunun artdığını göstərir. Bu gün Azərbaycan sülhə töhfə verən bir dövlət kimi tanınır. İlham Əliyevin həyata keçirdiyi siyasət bütün dünya dövlətləri tərəfindən qəbul edilərək, ən yüksək səviyyədə qiymətləndirilir”.
Gülbəniz Səfərova






