Dünənki yaxşı əməlinə görə çox sağ ol, bugünkü pis əməlinə görə isə cavab ver – Psixoloqdan Velizar açıqlaması
Son günlərdə “TikTok” platformasında qanunsuz əməllərə yol verdiyinə görə saxlanılan “Velizarofficial” adlı səhifənin tiktokeri Velizarla bağlı cəmiyyət arasında fikir ayrılıqları yaranıb. Bəziləri onun ehtiyacı olan şəxslərə pul yardımı etməsini dəstəkləyir, bəziləri isə canlı yayımlarda əxlaqa zidd davranışlar sərgiləməsini tənqid edir.
Xatırladaq ki, Velizar bu yaxınlarda yardıma ehtiyacı olan şəxs üçün “TikTok”da canlı yayım vasitəsilə 10 min manat pul toplayıb.
Bəs niyə bir tərəfdən yaxşılıqla insanların hörmətini qazanan bu cür şəxslər, digər tərəfdən “TikTok”dakı canlı yayımlarla özlərini hörmətdən salırlar?
Bu barədə Patrul.az-a fikrini bölüşən psixoloq Elmir Əkbərin sözlərinə görə, insanların marağı bu cür şəxslərin məşhur olmasına gətirib çıxarır. Onun fikrincə, məhz bu səbəbdən “TikTok” cəmiyyətimizdə əxlaqsızlığa yönəlmiş platformaya çevrilib:
“Fikrimcə, Azərbaycanda sosial şəbəkələr böyük bir problemdir. Düzdür, ailələrinə xəyanət edənlər, evdən qaçanlar, dələduzluqla məşğul olanlar əsasən “Facebook” və “Instagram” üzərindən bunu edir. Çünki orada yazışma imkanları “TikTok”la müqayisədə daha genişdir. Amma “TikTok” özü də onlardan geri qalmayan bərbad bir platformadır”.
Psixoloq təəssüflə bildirir ki, Azərbaycandakı “TikTok” seqmenti xarici seqmentlərdən daha məyusedicidir:
“Sosial şəbəkələrdə ingilis və rusdilli seqmentlərə baxsaq, orada bu kimi biyabırçılıqların olmadığını görərik. Bizdə isə bu platformadan təəssüf ki, qeyri-düzgün istifadə olunur. Bunun nəticəsində artıq ziyalı insanların böyük əksəriyyəti sosial şəbəkələrin ləğv olunmasının Azərbaycanın xeyrinə olacağını düşünür. Hər hansı bir bloger və ya tiktokerə baxış sayını məhz tamaşaçılar qazandırır. Müasir dövrdə insanların əsas marağı ziyalılara deyil, bu tip şəxslərə yönəlir. Ziyalı çıxışları ilə məişət səviyyəli videoların baxış saylarını müqayisə etsək, reallıq aydın görünər”.
E. Əkbərin sözlərinə görə, cəmiyyətdə bir çox insanların maraq dairəsi “TikTok”da qeyri-etik davranışlar edən şəxslərə yönəlir və bu da onları belə hərəkətlərə həvəsləndirir:
“Təhqir məsələsinə gəldikdə isə, bu cür canlı yayımların baxış sayına diqqət yetirdikdə rusca deyilən ‘publika trebuet zrelishça’, yəni ‘kütlə belə görüntülər və sözlər istəyir’ ifadəsi tam yerinə düşür. Təəssüf ki, bu, bugünkü Azərbaycan cəmiyyətinin reallığıdır. Buna görə də bu cür çıxış edənlər istədikləri kimi davranır, söyüş söyürlər və ağır cəzalara məruz qalmayacaqlarına arxalanırlar. Söhbət konkret kimisə təhqir etməkdən getmir, ümumilikdə təhqiramiz çıxışlara qarşı əsaslı tədbirlərin görülməməsi bu halların yayılmasına səbəb olur”.
Həmsöhbətimiz başqa bir nümunə ilə fikrini izah edib:
“Təəssüf ki, Azərbaycanda yaşayan varlı şəxslərin pullarını kimə xərclədiklərini yaxşı bilirik. Bəlkə də onlar nadürüst insanlara deyil, ehtiyacı olanlara yardım etsəydilər, insanların fikirlərini 3-5 manatla almaq mümkün olmazdı. Ona görə də hər şey bu məsələyə hansı baxış bucağından yanaşmağımızdan asılıdır. Pula ehtiyacı olan biri üçün həmin pulu göndərən şəxs, təbii ki, müsbət insan kimi görünür. Bu tip məsələlərə ciddi psixoloji və analitik yanaşmaq lazımdır”.
Psixoloq valideynlərə də xəbərdarlıq edərək bildirir ki, uşaqlar sosial şəbəkələrdə bu cür videolara baxmaqdan çəkindirilməlidir:
“Ailələr övladlarının belə biədəb videolara baxmamasına diqqət yetirməlidir. Xüsusən ailə başçısı diqqətli olmalıdır ki, həyat yoldaşı bu kimi biyabırçı halların iştirakçısına çevrilməsin. Həmişə düşünürəm ki, ağıl qəribə bir anlayışdır. Onun varlığını göstərmək mümkün olmasa da, yoxluğu dərhal hiss olunur. Ağıllı insan bir addımı ilə rəğbət qazandığı kimi, başqa bir addımı ilə özünü mədəniyyətdən uzaq salmaz”.
E. Əkbər “like” uğruna əxlaqına zərər verənlərə də münasibət bildirib:
“Baxış sayı və ‘like’ dalınca qaçmaq nəticəsində bəzi insanlar üçün abır, həya və namus əhəmiyyətsiz anlayışlara çevrilir. Təəssüf ki, bu cür şəxslərə baxanların bir qismi də baxış və ‘like’ qazanmaq üçün təlxəklik etməyə başlayır. Bu isə mənəviyyatsızlıqdan, daxili boşluqdan və zəif dünyagörüşündən irəli gəlir. Belə insanlar öz reputasiyalarını düşünmədən imiclərini korlayırlar”.
Ekspert ailələri saxta “psixoloqlar”dan da çəkinməyə çağırıb:
“Televiziya, ‘Instagram’ və ‘TikTok’da özlərini psixoloq kimi təqdim edən, əslində isə pul müqabilində qeyri-etik xidmətlər göstərən şəxslərə diqqət yetirin. Düşünürəm ki, onlar cəmiyyət üçün daha böyük təhlükə mənbəyidir. Bu gün ailələrin boşanmasına səbəb olan amillərdən biri də təhsili olmayan, özünü psixoloq kimi təqdim edən belə insanlardır. Onları verilişlərə də pul müqabilində ‘mütəxəssis’ kimi dəvət edirlər. Düşüncəsi zəif olan bəzi insanlar onların təsiri altına düşərək yanlış addımlar ata bilir”.
“Son olaraq qeyd edim ki, bu gün sosial şəbəkələr Azərbaycanın daxili durumunda ən böyük problemlərdən birinə çevrilib. Bəlkə də heç bir xarici düşmən ‘azərbaycançılıq’ məfkurəsi üçün bu qədər təhlükə yaratmır”, – deyə Elmir Əkbər vurğulayıb.
Gülbəniz Səfərova






