"Dünənki zəlzələlərdən sonra Azərbaycanda 400-dən çox afterşok qeydə alınıb" - Qurban Yetirmişli
Dünən Xəzər dənizində ard-arda baş verən zəlzələlər ətraf bölgələrdə yaşayan insanların narahatlığına səbəb olub.
Aprelin 8-i, günorta saatlarında Xəzər dənizində 70 km dərinlikdə 5,3 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçala ərazilərində 3-4 bal gücündə hiss olunub.
Bu gün gecə saat 02:17 radələrində isə Xəzərdə yenidən zəlzələ baş verib. Bu dəfə dərinlik daha az – 12 km olub. Dünənki zəlzələ təkcə Azərbaycanda deyil, yaxın qonşu ölkələrdə də hiss olundu. Türkiyənin Çorum, Dənizli və Mersin bölgələrində, eləcə də Aralıq dənizində yeraltı təkanlar qeydə alınıb. Xəzərdə baş vermiş zəlzələ Gürcüstanda da hiss edilib. Bəs regional seysmik aktivliyin bu cür artması nəyin xəbərçisidir?
Bununla bağlı Patrul.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələ səthə yaxın olsaydı, dağıntılar və ciddi fəsadlar baş verə bilərdi:
“Seysmik aktiv bölgələrdə zəlzələlərin baş verməsi qaçılmazdır. İlin əvvəlindən Azərbaycan və ətraf ərazilərdə 4 mindən çox yeraltı təkan qeydə alınıb. Bunların arasında müxtəlif səviyyədə olan orta güclü təkanlar da var. Bütün bunlar yerin daxilində gedən təbii proseslərdir. Azərbaycanda yerin daxilindəki bloklar, eləcə də Ərəbistan plitəsi digər plitələrə təsir edərək onları hərəkətə gətirir”.
Q.Yetirmişli zəlzələnin dərinliyinin nəticələrə təsirini də vurğulayıb:
“Xəzər dənizi seysmik aktiv zonadır və burada mütəmadi olaraq zəlzələlər baş verir. Dünən qeydə alınan zəlzələlər dərində baş verdiyi üçün ciddi fəsadlar törətmədi. Həmin vaxt yeraltı təkanlar Astara, Lənkəran, Lerik, Cəlilabad, Saatlı, Masallı və Neftçala ərazilərində 3-4 bal gücündə hiss olunub. Zəlzələyə ən yaxın ərazilər Lənkəran və Astara olub. Təkan 70 km dərinlikdə baş verdiyinə görə geniş ərazidə zəif hiss olunub. 5,3 maqnitudalı zəlzələ orta güclü sayılır. Əgər bu, səthə yaxın olsaydı, normativlərə uyğun tikilməyən binalarda çatlar və digər fəsadlar yarada bilərdi. Lakin dərinlik böyük olduğundan dağıntı qeydə alınmayıb”.
Seysmoloq əlavə edib ki, baş verən zəlzələdən sonra çoxsaylı afterşoklar qeydə alınıb:
“Dünəndən bu günə qədər 400-dən çox afterşok qeydə alınıb və yerin daxilində gərginliyin boşalması prosesi davam edir. Bu proses müəyyən müddət davam edəcək və sonra seysmik aktivlik fon səviyyəsinə enəcək. Zəlzələ ocağında təxminən 6 km uzunluğunda və 4 km enində qırılma zonası formalaşıb. Buna görə də 20-27 km dərinliklərdə müxtəlif afterşoklar baş verir. Bu isə həmin ərazidə dağıdıcı zəlzələnin baş vermə ehtimalının aşağı olduğunu göstərir. Zəlzələlər yerin daxilində gedən tektonik proseslərin nəticəsidir. Plitələrin hərəkəti, cazibə qüvvəsi və digər amillər bu proseslərə təsir edir. Ümümlikdə Azərbaycanda yaxın vaxtlarda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı yoxdur. Xırda təkanlar normaldır və təhlükəli sayılmır. Lakin əhali 3-5 bal gücündə zəlzələlərə hazır olmalıdır”.
Gülbəniz Səfərova






