Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb
Dünya bazarında neft qiymətləri enməkdə davam edir.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, qiymətlərin azalması ABŞ-də xammal ehtiyatlarına dair açıqlanan yeni statistik göstəricilərlə əlaqələndirilir.
Londonun ICE birjasının məlumatına əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti sentyabr tədarükü üçün 0,7 faiz azalaraq 68,11 dollar təşkil edib. Eyni zamanda, Texasın “WTI” markalı neftinin fyuçersləri 0,72 faiz ucuzlaşaraq 64,84 dollar səviyyəsinə düşüb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, iyulun 18-də başa çatan həftə ərzində ölkədə kommersiya neft ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 3,2 milyon barel və ya 0,8 faiz azalaraq 419 milyon barel olub. Bu göstərici analitiklərin əvvəlcədən proqnozlaşdırdığı 1,6 milyon barellik azalma ilə müqayisədə xeyli yüksəkdir.
Bununla yanaşı, bazara təsir edən başqa amillər də mövcuddur. FG Finam analitik şirkətinin eksperti Nikolay Dudçenkonun fikrincə, ABŞ Prezidenti Donald Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumu tətbiq etməklə hədələməsi, yaxın gələcəkdə neftin qiymətində ciddi artıma səbəb ola bilər.
Qeyd edək ki, hazırkı qiymət dalğalanmaları həm geosiyasi gərginliklər, həm də qlobal təklif-tələb balansındakı dəyişikliklər fonunda baş verir.






