"Dünya klounlardan bezib" - Əraqçıdan Zelenskiyə CAVAB
İranın xarici işlər naziri Abbas Əraqçı Ukrayna Prezidenti Volodimir Zelenskinin İranda etirazların yatırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Patrul.az xəbər verir ki, Əraqçı “X” sosial şəbəkəsindəki paylaşımında Zelenskini amerikalı və avropalı vergi ödəyicilərinin vəsaitlərini “korrupsioner generalların ciblərini doldurmaq” üçün xərcləməkdə ittiham edib.
O, həmçinin Ukrayna prezidentinin BMT Nizamnaməsini pozaraq, İrana qarşı ABŞ-ni hərbi müdaxiləyə çağırdığını iddia edib.
“Cənab Zelenski, dünya çaşqın klounlardan bezib. Xaricdən asılı və muzdlu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur”, – deyə Əraqçı bildirib.
Xatırladaq ki, yanvarın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski İrandakı etirazçılara mövcud anı qaçırmamağı tövsiyə edərək, bütün ölkələri və beynəlxalq təşkilatları İrandakı vəziyyətə müdaxilə etməyə çağırmışdı:
“Bu planetdəki hər bir layiqli insan İran xalqının nəhayət Ukraynaya və digər ölkələrə çoxlu pislik gətirən mövcud rejimdən azad olmasını səmimi qəlbdən istəyir”, – deyə Zelenski vurğulayıb.
Gülbəniz Səfərova






