Dünya üçün "qırmızı həyəcan": 2027-cı ildə temperatur rekordları alt-üst olacaq
Alimlər qlobal iqlimlə bağlı qorxulu proqnozlarını açıqlayıblar.
Patrul.az xəbər verir ki, 2026-cı ilin yayından etibarən dünyanı növbəti böyük istiləşmə dalğası – güclü “El Nino” hadisəsi gözləyir.
Bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son hesabatında qeyd olunub.
Məlumata görə, 2026-cı ilin iyun-avqust aylarında Sakit okeanda suyun temperaturunun kəskin artması ehtimalı 62% qiymətləndirilir. Lakin bu, hələ son deyil. Beynəlxalq mütəxəssislər builki prosesin daha dağıdıcı təsirə malik olan “Super El Nino”ya çevrilə biləcəyindən narahatdırlar.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) modelləri isə daha ciddi rəqəmlər ortaya qoyub:
“Güclü “El Nino” ehtimalı 80%, onun “super” versiyaya keçid şansı isə 22%-dir”.
Bəs bu, dünya üçün nə deməkdir?
Hazırda müşahidə olunan nisbətən sərin “La Nina” fazası artıq zəifləyir. Onu əvəz edəcək yeni isti dalğa okean səthində toplanan nəhəng enerji və istiliyin birbaşa atmosferə ötürülməsinə səbəb olacaq. Bu isə təkcə temperatur artımı deyil, həm də təbiət kataklizmləri deməkdir. Belə ki, dünyanın bir hissəsi (məsələn, Cənub-Şərqi Asiya və Avstraliya) şiddətli quraqlıqdan əziyyət çəkəcəyi halda, digər bölgələrdə dağıdıcı daşqınların baş verəcəyi proqnozlaşdırılır.
Alimlər xəbərdarlıq edir ki, “El Nino”nun pik təsiri adətən bir neçə ay sonra hiss olunur. Bu isə o deməkdir ki, 2026-cı il kifayət qədər isti keçsə də, əsl “cəhənnəm istiləri” 2027-ci ili bəşəriyyət tarixinin ən isti ili kimi qeydiyyata sala bilər.






