media-inshot_20260115_223948300

“Sülh öz-özünə yaranmır”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnamələrinin qəbulu zamanı deyib.

Putin çıxışı zamanı Ukrayna, MDB və qlobal siyasətlə bağlı açıqlamalar verərək bəzi məsələlər üzrə Rusiyanın mövqeyini açıqlayıb.

O, əvvəlcə dünyada baş verənlərə toxunaraq, müasir dünyadakı vəziyyəti “qorxulu” adlandırıb. Onun sözlərinə görə, dünyada vəziyyət getdikcə pisləşir, diplomatiya təhlükəli hərəkətlərlə əvəz olunur, burada ölkələr öz iradələrini tətbiq edir, başqalarına necə yaşamaq barədə dərs deyirlər.

Prezident əlavə edərək dünyanın onlarla ölkəsinin hüquqlarına hörmətsizlik edildiyini və onların bir çoxunun lazımi güc və resurslara malik olmadığı üçün özlərini müdafiə edə bilmədiyini söyləyib:

“Təhlükəsizlik həqiqətən hərtərəfli və buna görə də bərabər olmalıdır. Və buna bəziləri üçün digərlərinin hesabına nail olmaq mümkün deyil. Bu prinsip fundamental beynəlxalq hüquqi sənədlərdə təsbit olunub. Bu prinsiplərə məhəl qoymamaq heç vaxt yaxşı bir şeyə gətirib çıxarmayıb və heç vaxt da çıxarmayacaq”, – deyə Rusiya lideri bildirib.

Ukrayna barəsində də danışan Putin onların sülhə hazır olmadığını söyləyib. Onun sözlərinə görə, Rusiya mövqeyi dəyişməyənə qədər xüsusi əməliyyatın məqsədlərini həyata keçirəcək:

“Biz hər kəsi qane edə biləcək variantlar və rasional həllər təklif etdik: Amerikada, Avropada, Asiyada – bütün dünyada. Biz inanırıq ki, bunlarla bağlı əsaslı müzakirəyə qayıtmağa dəyər”, – deyə Putin əlavə edib.

Onun sözlərinə görə, Ukrayna və onu dəstəkləyən ölkələr münaqişənin sülh yolu ilə həllinə hazır deyillər. Lakin buna nə qədər tez nail olunsa, bir o qədər yaxşıdır:

“Əbəs yerə deməyiblər ki, sülh öz-özünə yaranmır – o, hər gün qurulur. Sülh səy, məsuliyyət və şüurlu seçim tələb edir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər