Dünyanın diqqəti bu iki gəmidədir - tarixi keçid baş tuta bilər
Dünyanın gözü İran tərəfindən ABŞ və İsrail ilə müharibə fonunda bağlanan Hörmüz boğazından keçməyə cəhd göstərən gəmilərin üzərindədir.
Patrul.az xəbər verir ki, söhbət Qətərdə yüklənmiş mayeləşdirilmiş təbii qaz daşıyan iki tanker – “Al Daayen” və “Rasheeda”nın boğazdan keçməsindən gedir.
Bu tankerlərdən “Al Daayen”in Çinə istiqamətləndiyi bildirilib. Əgər bu gəmilər İranın nəzarəti altında olan Hörmüz boğazından keçərsə, bu, müharibənin başlanmasından bəri regiondan ilk ixrac olacaq. Sözügedən gəmilərdən birinin İranla münasibətləri yaxşı olan Çinə getdiyini nəzərə alaraq, onun keçidinə icazə veriləcəyi ehtimal olunur.
Xatırladaq ki, Hörmüz boğazını nəzarətdə saxlayan İran əvvəllər düşmən gəmilərinin hədəfə alınacağı barədə xəbərdarlıq etmişdi. İran rəsmiləri boğazın dost ölkələr üçün açıq, düşmən ölkələr – ABŞ və İsrail üçün isə bağlı olduğunu bildiriblər.
Məlumata görə, fevralın 28-dən bəri boğazda hərəkət 95% azalıb və hazırda 400-ə yaxın gəmi keçid üçün növbə gözləyir. Sözügedən gəmilər də müharibə səbəbindən bir müddətdir ki, Körfəzdə gözlədilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana Hörmüz boğazını açmaq üçün sabaha qədər vaxt verib. O, sosial media hesabında boğaz açılmasa, İranın elektrik stansiyaları və körpülərinin hədəf alınacağı barədə sərt xəbərdarlıq edib.
Gülbəniz Səfərova






