Dünyanın dörd bir tərəfində birləşən müsəlmanlar Qurban bayramını necə qeyd edir? -ARAŞDIRMA
İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı 2025-ci ilin iyunun 6-dan etibarən milyonlarla müsəlmanın iştirakı ilə müxtəlif ölkələrdə coşqu ilə qeyd olunur. Sülh, mərhəmət və əliaçıqlığın simvoluna çevrilmiş bu bayramda, hətta qeyri-müsəlman ölkələrində də bayram namazları qılınır və dualar, xütbələr oxunur. Dünyanın dörd bir tərəfində birləşən milyonlarla müsəlmanlar Qurban bayramını birlik və paylaşma ruhunda qeyd etməkdə davam edirlər.
Patrulaz.az xəbər verir ki, xüsusilə Azərbaycan, Ankara Qüds, Suriya, Qırğızıstan, Qazaxıstan, İran və s. kimi ölkələrdə Qurban bayramı təmtəraqla keçirilib.
Azərbaycan – Paytaxtdan bölgələrə qədər bayram coşqusu
İyunun 6-da Bakının “Əjdərbəy”, Təzəpir və digər məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Təzəpir məscidində namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə icra olunub. Namaz zamanı ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza əmin-amanlıq arzulanıb. Bayram mərasimində yerli sakinlərlə yanaşı, xarici ölkələrdən olan müsəlmanlar da iştirak ediblər. Pakistan vətəndaşı Əli Saqlain Azərbaycanın bu mənəvi atmosferindən məmnun qaldığını bildirib. Bayram namazları işğaldan azad olunmuş ərazilərdə də təşkil olunub. Paytaxt sakini Elman Səlimxanov bu birliyi və azad torpaqlarda qeyd edilən bayramların xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı, Gəncə və Şəkidə minlərlə insan bayram namazı üçün səhər saatlarından məscidlərə yığışıblar. Bakının Şəhidlər Məscidində böyük izdiham müşahidə olunub. Namazdan sonra oxunan xütbələrdə sülh, birlik və qardaşlıq şüarları səsləndirilib. Daha sonra vətəndaşlar bir-birilərini təbrik edərək bayramlaşıblar. Bayram namazından dərhal sonra isə ölkənin müxtəlif bölgələrində qurbanlıq heyvanların kəsiminə başlanılıb.

Türkiyənin paytaxtı Ankarada Qurban bayramı sevinci
Türkiyənin paytaxtı Ankarada Qurban bayramı münasibətilə minlərlə insan məscidlərə toplaşaraq bayram namazı qılıb. Səhər saatlarından etibarən şəhərin müxtəlif bölgələrindən gələn vətəndaşlar bir araya gələrək bayramın mənəvi ruhunu birlikdə yaşayıblar. Məscidlərdə oxunan xütbələrdə İslamın birlik və həmrəylik çağırışları edilib. Namazdan sonra qurban kəsimlərinə başlanılıb, insanlar ailə üzvlərini və yaxınlarını ziyarət edərək, bayram sevincini paylaşmağa davam ediblər.

Qüds – Məscidül-Əqsada 80 min nəfərlik bayram namazı
Qüds İslam Vəqfləri İdarəsinin yaydığı məlumata görə, bu il Məscidül-Əqsada bayram namazında 80 minə yaxın müsəlman iştirak edib. Şərqi Qüdsün İsrail tərəfindən işğal altında olunmasına baxmayaraq, Məscidül-Əqsaya minlərlə fələstinli axın edib.. Bayram namazından əvvəl Hərəmi-Şərifə aparan yolların girişində İsrail polisi kimlik yoxlamaları aparıb, hətta bəzilərinə içəri daxil olmağa icazə verilməyib. Qeyd edək ki, Məscidül-Əqsa müsəlmanların ilk qibləsidir və hər bayramda on minlərlə insan bu müqəddəs məkana ziyarətə gəlir.

Fələstinlilər İsrailin təzyiqləri altında Qurban bayramını qeyd edirlər. Hətta müsəlmanlar Qəzzada dağıntılar arasında da namaz qılmağa davam edərək, ibadətlərini yerinə yetirirlər.

Suriya – Dəməşqdə tarixi Əməvi məscidində bayram namazı
Baas rejiminin süqutundan sonra Suriyada ilk dəfə Qurban bayramı geniş miqyasda qeyd olunub. Suriyanın paytaxtı Dəməşq şəhərindəki Əməvi məscidində minlərlə insan namaz qılıb və sülh, əmin-amanlıqla bağlı dualar səsləndiriblər. Oxunan xütbələrdə müharibə qurbanlarını da yad edilib.

Qırğızıstan – İmam Sərəxsi məscidində sıxlıq
Bişkekdə yerləşən Mərkəzi İmam Sərəxsi məscidində bayram namazı ciddi təhlükəsizlik tədbirləri ilə keçirilib. Qırğızıstan müftisi Əbdüləziz Zakirov namaz sonrası xütbəsində qadınlara qarşı zorakılıq hallarına toxunaraq, İslamın qadına verdiyi dəyərdən danışıb. Prezident Sadir Japarov Çolpon-Ata şəhərində, Parlament sədri Nurlanbek Turgunbekuulu isə Calabadda bayram namazında iştirak edib. Qeyd edək ki, bu il Həcc ziyarətinə Qırğızıstandan 6 min zəvvar qatılıb.

Qazaxıstan – Məscidlər dolub-daşdı, Prezident təbrik ünvanladı
Qazaxıstanın paytaxtı Astana başda olmaqla, ölkənin hər bölgəsində bayram namazı izdihamla qılınıb. Baş Müfti Naurızbay Taqanulı vətəndaşlarla birlikdə namazda iştirak edib və bayramın mənəvi əhəmiyyətindən danışıb. Prezident Kasım-Jomart Tokayev də təbrik mesajında bayramın insanları xeyirxahlıq və mərhəmətə səslədiyini bildirib. Həmçinin Qazaxıtanda ölkə daxilində qurban kəsmə və sosial dəstək aksiyaları həyata keçirilib.

İran – Tehran Universitetində bayram abu-havası
Tehran Universitetinin kampusunda təşkil olunan bayram namazına on minlərlə insan qatılıb. Namaza müvəqqəti cümə imamı Məhəmməd Həsən Əbuturabiferd rəhbərlik edib. Tədbirdə yüksək rütbəli dövlət və ordu rəsmiləri də iştirak edib.

Qətər – Stadionda kütləvi bayram namazı və bayram şənlikləri
Qətərdə Qurban bayramı münasibətilə bayram namazı stadion kimi geniş ərazilərdə həyata keçirilib. Doha şəhərindəki “Təhsil Şəhər Stadionunu” səhər saatlarından minlərlə müsəlman doldurub. Namazdan sonra uşaqlar üçün əyləncə tədbirləri keçirilib, ailələr bir araya gələrək bayramın mənəvi ab-havasını yaşadıblar. Qeyd edək ki, bayram namazları ölkənin digər şəhərlərində – Əl-Vəkrə, Əl-Hor və Əl-Rayyanda da təşkil olunub.

Avropada müsəlmanların Qurban bayramı coşğusu
Qurban bayramı təkcə İslam ölkələrində deyil, həm də Avropa və digər qitələrdə yaşayan müsəlman icmalar tərəfindən təntənəli şəkildə qeyd olunub. İsveç, İsveçrə, Almaniya, Hollandiya, Xorvatiya, Rusiya, İtaliya, Madaqaskar kimi qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanlar da bayram namazlarında bir araya gələrək qurbanlar kəsiblər.
Bütün bunlar bir daha göstərdi ki, Qurban bayramı dünyanın harasında yaşamasından asılı olmayaraq bütün müsəlmanları birləşdirir. Müsəlmanlar bu bayramı qeyd etməklə İslam dəyərlərinə verdikləri önəmi, həmrəyliyə, paylaşmağa və mərhəmətə olan bağlılıqlarını nümayiş etdirirlər. Bu birlik İslam dininin yalnız bir inanc deyil, eyni zamanda sərhədləri aşan qlobal bir mədəniyyət olduğunu da göstərdi.

Qurban bayramının mənşəyi
Qurban bayramı İbrahim Peyğəmbərin (ə) Allaha itaət naminə oğlunu qurban verməyə hazır olması ilə bağlı Qurani-Kərimdə yer alan hadisəyə əsaslanır. Bu sınaqdan keçən İbrahim peyğəmbərin yerinə göydən bir qurbanlıq göndərilməsi ilə bu əhəmiyyətli gün müsəlmanlar üçün rəmzi mənaya çevrilib. Bu bayram Allaha itaət, sədaqət və paylaşmanın timsalıdır.

Gülbəniz Səfərova






