“Düşüncə” tədris mərkəzinin düşündürən davranışı - Uşaqların sevinci yarımçıq qalır - VİDEO
Bakı şəhəri, Sübhi Salayev küçəsi 49A ünvanında yerləşən yaşayış binasının altında fəaliyyət göstərən “Düşüncə” tədris mərkəzi ilə bina sakinləri arasında narazılıq yaranıb.
Sakinlərin sözlərinə görə, mərkəzin qapısının cəmi iki addımlığında uşaqlar üçün ayrılmış kiçik oyun meydançası var. Uşaqlar burada top oynayarkən bəzən top mərkəzin pəncərəsinin dəmir barmaqlıqlarına dəyir. Lakin iddialara görə, tədris mərkəzinin əməkdaşları hər dəfə bu hal baş verəndə topları geri qaytarmır.
Şikayətçinin Patrulaz.az-a bildirdiyinə görə, azyaşlı övladlarının oynadığı zaman yenə belə bir hadisə baş verib – mərkəzin işçiləri çıxaraq oynayan bütün uşaqların toplarını əllərindən alıblar. Uşaqlardan biri eşitmə problemi səbəbilə yaxınlarda əməliyyat keçirmiş azyaşlı, topunu geri istəyəndə üzərinə qışqırılıb, mərkəzdən qovulub. Uşaq qorxu və stress keçirib, evdə qusma və qızdırma halları yaşayıb.
Valideyn hadisədən sonra mərkəzə gələrək topun qaytarılmasını tələb edib, lakin əməkdaşlar “burada 20 top var” deyərək rədd cavabı veriblər. Ana topun rəngini desə də, mərkəzdən bildirilib ki, guya “müdriyyət topu aparıb”. Əsəblərinə hakim ola bilməyən valideyn və katibə arasında insident yaşanıb.
Burada sual yaranır: yaşayış binasının məhəllə tərəfində, uşaqların oyun meydançasına bu qədər yaxın məsafədə obyekt açmaq nə dərəcədə doğrudur? Uşaqların oyun əşyalarını əllərindən almaq, onların sevinclərini zəhərləmək hansı vicdana sığır?
Tədris mərkəzinin məqsədi sakit şəraitdə dərs keçməkdirsə, onun yeri yaşayış binasının altı, üstəlik uşaqların oyun meydançasının yanı ola bilməz. Bu, açıq-aşkar uyğunsuzluqdur. Hələ uşaqların toplarının əllərindən alınmasına isə, doğrusu, nə ad verəcəyimizi bilmirik…
Tədris mərkəzinin adı “Düşüncə” olsa da, göstərilən bu davranışlar heç də düşüncəli hərəkət adlana bilməz — əksinə, tamamilə düşüncəsiz və uşaqlara qarşı ədalətsiz münasibətdir.
Tədris mərkəzi açmaqla məqsəd təhsil verməkdir, uşaqların oyun meydançasını zəbt edib onların sevincinə mane olmaq yox! Siz pul qazanırsınız, bəs uşaqlar harada oynasın? Sizin qazandığınız pullar o uşaqların sevincini məhdudlaşdıraraq, onların oyunlarını yarımçıq qoyaraq qazanılan pullardır. Bu, nə mənəviyyata, nə də pedaqoji dəyərlərə sığır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






