media-inshot_20250711_122951059

“ Əbu-Dabi görüşü həm bu vaxta qədərki razılaşmaların yekunlaşdırılması, həm də növbəti mərhələlər üçün konkret konturların müəyyənləşdirilməsi baxımından Azərbaycan-Ermənistan danışıqlar tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Onun fikrincə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün əsas nəticəsi növbəti mərhələlərdə də bu formatda dialoqun davam etdirilməsi barədə razılığın əldə olunmasıdır:

media-aydin_guliyev_180119

“Əbu-Dabidə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri asında görüş maraqlı formatda keçirilib. Əvvəlcə geniş nümayəndə heyyətlərinin iştirakı ilə daha sonra təkbətək, üçüncü mərhələdə isə geniş şəkildə nümayəndələrdən ibarət müzakirələr aparılıb. Görüşdə ölkələrin birinci şəxsləri ilə yanaşı, xarici siyasətin əsas fiqurlarının da iştirakı, Azərbaycan-Ermənistan münasibətlərində hələ də açıq qalan ən vacib məsələlərin müzakirə olunduğunu göstərir. Dörd saatdan artıq davam edən bu görüş, nümayəndə heyətlərinin tərkibi və müzakirələrin əhatə dairəsi baxımından Azərbaycan-Ermənistan liderləri arasında indiyədək keçirilmiş ən məzmunlu və əhatəli görüşlərdən biri hesab olunur.

Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında müxtəlif işçi qrupları səviyyəsində danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, iki ölkə arasında həllini gözləyən bütün mübahisəli məsələlər üzrə tematik işçi qrupları çərçivəsində müzakirələr davam etdiriləcək.

Hazırkı mərhələdə konkret hansı razılaşmaların əldə olunduğunu demək çətin olsa da, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və sülh sazişi mətninin paraflanması istiqamətində məzmunlu və konstruktiv müzakirələrin aparıldığına dair əsaslı təəssürat formalaşır. Eyni zamanda, bu sahələr üzrə dialoqun davam etdirilməsinə dair əldə olunan razılaşma, tərəflərin sülh gündəminə verdiyi önəmi və bu prosesə göstərdikləri siyasi iradəni nümayiş etdirir”.

Politoloq tərəflər arasında baş tutan təkbətək görüşü danışıqlara müdaxilə etməyə çalışan digər ölkələrə ünvanlanmış siyasi mesaj kimi dəyərləndirir:

“Görüşün ən prinsipial məqamlarından biri isə ondan ibarətdir ki, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ikitərəfli danışıqlar formatının daha səmərəli və nəticəyönümlü olduğunu açıq şəkildə bəyan edib. Bu baxımdan, tərəflərin eyni mövqedən çıxış etməsi yalnız texniki xarakter daşımır, eyni zamanda üçüncü tərəflərin bu prosesə müdaxilə cəhdlərinə verilmiş mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər.

İkitərəfli formatın əhəmiyyətinin bu səviyyədə vurğulanması, ilk növbədə, Azərbaycan-Ermənistan sülh danışıqlarına vasitəçi qismində qoşulmaq istəyən xarici qüvvələrə açıq və aydın bir cavabdır. Artıq həm Qərbin, həm də Rusiyanın bu prosesə təsir göstərmək cəhdlərinə qarşı Bakı və İrəvanın mövqelərinin üst-üstə düşməsi, münaqişə dövrü və ondan sonrakı mərhələlər daxil olmaqla, tərəflər arasında ən yüksək strateji uyğunluqlardan biri kimi qiymətləndirilə bilər. Əgər hər iki ölkə üçüncü tərəflərin müdaxiləsinə qarşı ortaq mövqe sərgiləyir və ikitərəfli görüşləri sülhə aparan əsas mexanizm kimi qəbul edirsə, bu, o deməkdir ki, gələcək mərhələlərdə də sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması üzrə danışıqların əsas platforması məhz ikitərəfli format olacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər