Əfqanıstanda güclü zəlzələdə ölənlərin sayı 622 nəfərə yüksəldi - VİDEO
Əfqanıstanda 6 bal gücündə baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox adam yaralanıb.
Patrulaz.az “Sky News”a istinadən xəbər verir ki, zəlzələ bazar günü gecə saatlarında Pakistan sərhədi yaxınlığında, ölkənin şimal-şərqindəki Kunar əyalətində baş verib.
Xilasedicilər dağlıq bölgədə sağ qalanları axtarır və helikopterlər zərərçəkənləri çıxarır. Yerli sakinlər isə yaralıları təcili yardım maşınlarına daşımağa kömək edir.
Məlumata görə, zəlzələnin episentri Nanqarhar əyalətinin Cəlalabad şəhəri yaxınlığında 14 km dərinlikdə yerləşib. Təxminən 20 dəqiqə sonra eyni əyalətdə 4,5 bal və 5,2 bal gücündə iki əlavə zəlzələ qeydə alınıb.
Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid baş vermiş təbii fəlakət qarşısında təəssüfləndiyini bildirib:
“Təəssüf ki, bu gecə baş verən zəlzələ bəzi şərq əyalətlərimizdə insan tələfatı və maddi ziyana səbəb olub. Hazırda yerli rəsmilər və sakinlər zərər çəkmiş insanların xilas edilməsi ilə məşğuldur”.
Xatırladaq ki, Əfqanıstan Hindukuş dağ silsiləsində yerləşdiyi üçün ölümcül zəlzələlərə meyllidir. Ötən il, 7 oktyabr 2023-cü ildə baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində minlərlə insan həyatını itirmişdi.






