Azərbaycan vətəndaşının olduğu gəmi Egeydə qəzaya uğradı - FOTOLAR
Egey dənizində Yunanıstanın Andros adası yaxınlığında kargo gəmisi qəzaya uğrayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Vanuatu bayrağı altında üzən “Corsage C” gəmisinin qayalığa çırpılaraq batması nəticəsində baş verib.
1982-ci il istehsalı olan gəmi Albaniyadan Ukraynaya təxminən 8000 ton soda yükü daşıyırmış.
Gəminin göyərtəsində olan 9 ekipaj üzvündən birinin Azərbaycan, digər səkkizinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Hadisə yerinə dərhal Yunanıstan Sahil Mühafizə xidmətinin 3 gəmisi, “Samos” sərnişin bərəsi və Hərbi Hava Qüvvələrinin helikopteri cəlb olunub. Genişmiqyaslı xilasetmə əməliyyatı nəticəsində bütün ekipaj üzvləri sağ-salamat təxliyə edilib.
Onlardan 2-si dənizdən, 7-si isə sığındıqları qayalıq ərazidən çıxarılaraq Andros adasındakı tibb məntəqəsinə çatdırılıb. Dənizçilərin vəziyyətinin qənaətbəxş olduğu vurğulanır.
Qeyd edək ki, hazırda ərazidə yanacaq sızması riskinə qarşı qabaqlayıcı tədbirlər görülür və dəniz sədləri çəkilir.
Faktla bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova






