media-photo-output

Son zamanlarda bankların onlayn şəkildə kredit verməsi bəzi xoşagəlməz hallara səbəb olur. Bank kartının istifadəçisi ilə əsl sahibinin fərqli olması narazılıqların yaranmasına əsas verir. Onlayn şəkildə prosesi həyata keçirən bank, kartın sahibinə heç bir məlumat vermədən istifadəçiyə kredit ayırır. Daha sonra kredit ödənmədikdə isə kartın əsl sahibi barədə məhkəmə qərarı çıxır.

Bəs bu nə qədər doğrudur? Kart sahibinin məlumatı olmadan ona kredit ayrılması mümkündürmü?

Patrul.az mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanova müraciət edib.

Hüquqşünas bildirib:

“Görünür, bank həmin krediti onlayn formada, elektron imzalar vasitəsilə rəsmiləşdirib. Bu nə deməkdir? Son dövrlərdə banklar kreditləri “Asan İmza” və “rəqəmsal imza” vasitəsilə onlayn təqdim edirlər. Bu proses zamanı adətən videozəng vasitəsilə kart sahibi və imza sahibi ilə əlaqə qurulur və müvafiq sənədləşmə icra olunur.

Sənədlər təsdiqləndikdən sonra bank kredit kartını müştəriyə təqdim edir. Bu mərhələdən sonra kartdan necə istifadə olunacağına və kim tərəfindən istifadə ediləcəyinə bank artıq nəzarət edə bilmir.”

Hüquqşünas vurğulayıb ki, bu səbəbdən kredit müqaviləsi üzrə bütün məsuliyyət birbaşa borclunun üzərindədir:

“Kreditor təşkilat isə bu öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlayır və ödənişlər gecikərsə və ya ümumiyyətlə edilməzsə, borclunu məhkəməyə vermək hüququna malikdir.

Əgər borclu şəxs hesab edirsə ki, kreditləşmə prosesi düzgün aparılmayıb və burada saxtakarlıq və ya cinayət əlamətləri var, bu halda məhkəməyə müraciət edə bilər. Əgər məsələ cinayət xarakterlidirsə, prokurorluq, polis və ya Daxili İşlər Nazirliyinə şikayət verərək araşdırma tələb edə bilər.”

Ləman Sərraf


Bənzər xəbərlər