media-inshot_20251230_193327484

Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

Qərarın nə qədər effektiv olacağı ilə bağlı Patrul.az Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının fikirlərini öyrənib.

O bildirib ki, əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda nəzərdə tutulan dəyişiklik, yəni tərəflərin qarşılıqlı razılığı əsasında aylıq əməkhaqqının iki hissəyə bölünərək ödənilməsi əmək münasibətlərində daha çevik və müasir yanaşmanın tətbiqi baxımından müsbət qiymətləndirilə bilər:

“Əməkhaqqının ay ərzində mərhələli şəkildə verilməsi gündəlik xərclərin qarşılanmasını asanlaşdırır, ailə büdcəsinin daha rasional planlaşdırılmasına imkan yaradır və maliyyə sabitliyini müəyyən dərəcədə artırır.

Eyni zamanda, bu dəyişiklik işəgötürənlə işçi arasında qarşılıqlı etimad və razılaşma prinsipini gücləndirir.

Qeyd etmək vacibdir ki, yenilik yalnız tərəflərin razılığı əsasında tətbiq olunur və bu da onun məcburi xarakter daşımadığını, əmək hüquqlarının qorunmasının əsas prioritet olaraq saxlanıldığını göstərir”.

media-inshot_20251230_193005106

Deputat xüsusilə qeyd edib ki, bu istiqamətdə aparılan islahatlar Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasətin tərkib hissəsidir:

“Ölkə başçımızın vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi və əmək hüquqlarının etibarlı qorunması dayanır. Əmək münasibətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, işçilərin sosial təminatının gücləndirilməsi və əmək bazarında çevikliyin artırılması Cənab Prezidentin müəyyən etdiyi strateji xəttin məntiqi davamıdır. Bu baxımdan əməkhaqqının verilməsi mexanizmlərində nəzərdə tutulan yeniliklər də dövlətin sosial ədalət və insan rifahına əsaslanan siyasətinə tam uyğundur”.

Millət vəkili hesab edir ki, tətbiq prosesində nəzarət mexanizmləri güclü olmalı, əməkhaqqının gecikdirilməsi və ya sui-istifadə hallarına yol verilməməlidir. İşçilərin maraqlarının qorunması və sosial ədalətin təmin edilməsi bu dəyişikliklərin əsas məqsədi olmalıdır:

“Ümumilikdə, əməkhaqqının iki hissə ilə ödənilməsi modeli düzgün və şəffaf şəkildə həyata keçirildiyi təqdirdə, həm işçilər, həm də işəgötürənlər üçün müsbət sosial-iqtisadi effekt yarada biləcək bir yanaşmadır”.

Ləman Sərraf


Bənzər xəbərlər