"Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı" - Saxta cərrah İFŞA EDİLDİ
Baku TV-yə daxil olan şikayət əsasında aparılan araşdırma nəticəsində özünü plastik cərrah kimi təqdim edən Nigar Məhəmmədovann fəaliyyətində suallar ortaya çıxıb.
Patrulaz.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, hazırda Nigar Məhəmmədova Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərir. Keçmişdə isə o, “MedAura” klinikasında əməliyyatlar aparıb. Sözügedən klinikadan verilən məlumata görə, o artıq orada çalışmır.
Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda, yaxşı olacağını dedi,” – deyə vətəndaş Fərizə Hacıyeva bildirib.
Baku TV-nin əməkdaşları məsələ ilə bağlı həkimin qəbuluna pasiyent kimi yazılıb, daha sonra telekanalın çəkiliş qrupu ilə birlikdə xəstəxanaya daxil olub. Lakin həkim çəkiliş qrupunu görən kimi suallardan yayınıb və gizlənib.
Əlavə olaraq araşdırmada onun digər pasiyentlər – Günay Məmmədova və bir neçə şəxsdə də estetik və sağlamlıq problemlərinə səbəb olduğu bildirilir. Hətta iddialara görə, “Mərcan” klinikasında Nigar Məhəmmədovanın apardığı abdominoplastika əməliyyatı nəticəsində Rusiya vətəndaşı Arzu Sadıqova dünyasını dəyişib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.
Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.






